Futbol üzrə 5-ci Avropa çempionatı 1976-cı il 16-20 iyun tarixlərində Yuqoslaviyada keçirildi. Bu, sosialist ölkəsində keçirilən ilk Avropa çempionatı idi. Oyunlar o vaxt bir bayraq altında yaşayan Serbiya və Xorvatiyada təşkil olundu. Oyunlar Belqradın "Srvena Zvezda" və Zaqrebin "Maksimir" stadionlarında oynanıldı. 

 

Sensasiyalarla dolu təsnifat

Öncəki turnirlərdə olduğu kimi, UEFA Avropa çempionatına bu dəfə də təsnifat mərhələdən ev-səfər prinsipi ilə start verdi. Yekunda yenə 4 yarımfinalçı Yuqoslaviyada qalibi müəyyən edəcəkdi. Bu arada, hadisələri qabaqlayaraq qeyd edək ki, bu format UEFA-nın Avropa çempionatındakı son formatı oldu. AVRO-76 əvvəlki turnirlərlə müqayisədə sensasiyalarla yadda qaldı. Belə ki, Avropa çempionatlarının favorit komandalarından hesab olunan İtaliya, İspaniya, İngiltərə, Fransa, Macarıstan və SSRİ kimi komandalar turnirdən kənarda qaldılar. Xüsusilə, 1960-cı ildən bütün turnirlərdə iştirak edən sovet futbolçularının kənarda qalması əsl sensasiya oldu. SSRİ yığması 1/4 finalda Çexoslovakiya yığmasına uduzaraq ən güclü "dördlüy"ə düşə bilmədi. Valeri Lobanovskinin rəhbərlik etdiyi komanda Bratislavadakı ilk oyundan 0:2 məğlub ayrıldı. Kiyevdəki cavab görüşü isə 2:2 hesabı ilə başa çatdı və SSRİ turnirin final mərhələsindən kənar qaldı.

Frants Bekkenbauer və Berti Foqts

 

Sosialistlərin federallar üzərindəki qələbəsi

Beləliklə, yarımfinala iki sosialist yığması olan Çexoslovakiya və Yuqoslaviya, iki federativ yığma olan Almaniya və Niderland vəsiqə qazandı. Futbol azarkeşlərinin böyük bir hissəsi 1974-cü ilin dünya çempionatında başlamış Almaniya-Niderland qarşıdurmasının Yuqoslaviyada davam edəcəyini güman edirdi və düşünürdü ki, finala məhz bu iki yığma çıxacaq. Lakin təsnifatlarda yaşanan sensasiyalar final mərhələsində də davam etdi. İlk əvvəl qeyd edək ki, yarımfinal və finalda bütün matçlar əlavə vaxta getdi. Qalibi isə oyunsonrası penaltilər müəyyən etdi ki, bu da Avropa çempionatları tarixində ilk idi.

İlk yarımfinal matçında Çexoslovakiya Niderlandla qarşılaşdı. Əksəriyyət əfsanəvi Kroyffun yer aldığı Niderland yığmasının finala çıxacağını gözləsə də, SSRİ ilə oyunlarda sensasiyaya imza atan birincilər, onları məğlub etməyi bacardı - 3:1.

Digər yarımfinal matçında isə Almaniya Yuqoslaviya ilə qarşılaşmada hesabda 0:2 geri düşsə də, toparlanaraq sensasiyaya imkan vermədi və əlavə vaxtda vurduğu qollarla rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacardı. Yuqoslaviya 3-cü yer uğrunda oyunda Niderlanda qarşı da layiqli mübarizə aparsa da, yekunda yenə məğlubiyyətlə barışdı və bürünc medallar niderlandlılara qismət oldu.

Nəhayət, final matçında Çexoslovakiya və Almaniya yığmaları üz-üzə gəldi. Çoxları Gerd Müllerin Almaniyasını favorit saysa da. rəqib artıq 25-ci dəqiqədə 2:0 öndə idi. Lakin almanlar inanılmaz əzmkarlıq göstərərək iki qolla oyunu əlavə vaxtda keçirə bildi. Özü də bərabərlik qolunu 90-cı dəqiqədə vurdular. Çoxları psixoloji üstünlüyə yiyələnən almanların əlavə vaxtda hesabda önə keçəcəyini düşünsə də, bu, baş vermədi və qalib oyunsonrası penaltilərdə müəyyən edildi. Burada isə Çexoslovakiya yığması daha dəqiq və soyuqqanlı oldu. Xüsusilə son və həlledici zərbəni vuran Panenkanı qeyd etmək lazımdır. Təsadüfi deyil ki, həmin tarixdən etibarən bu zərbə "Panenka zərbəsi" kimi tarixə düşdü və bu gün də bu zərbələrdən istifadə olunur.

Yarımfinal

Çexoslovakiya - Niderland 3:1

Qollar: Ondruş, 19; Neqoda, 114; Vesyolı, 118 - Ondruş, 73 (avtoqol)

16 iyun, Zaqreb, "Maksimir", 17 969 tamaşaçı

Baş hakim: Klayv Tomas (Uels)

Çexoslovakiya: Viktor, Pivarnik, Y.Çapkoviç (Yurkemik, 106), Ondruş, Göq, Moder (F.Vesyolı, 91), Panenka, Dobiaş, M.Masnı, Pollak, Neqoda
Niderland: P.Şriyvers, Suurbyer, Riysbergen (Van Hanegem, 37), Van Kraay, Krol, Yansen, Neskens, V.Van de Kerkhof, Rep (Heels, 67), Kroyf, Rensenbrink

 

Yarımfinal

Yuqoslaviya - Almaniya 2:4

Qollar: Popivoda, 19; Caiç, 31 - Floe, 64; Müller, 81, 114, 119

17 iyun, Belqrad, "Srvena Zvezda". 50 562 tamaşaçı

Baş hakim: Alfred Delkur (Belçika)

Yuqoslaviya: O.Petroviç, Mujiniç, Katalinski, Oblak (Vladiç, 106), Bulyan, Şuryak, Junqul, Açimoviç (Peruzoviç, 106), Y.Yerkoviç, Popivoda, Caiç
AFR: Z.Mayer, Foqts, Şvartsenbekk, Bekkenbauer, Dits, Vimmer (D.Müller, 80), Danner (Floe, 46), Bonhof, Beer, Heness, Heltsenbayn

 

3-cü yer uğrunda oyun

Niderland - Yuqoslaviya 3:2

Qollar: Gels, 27, 107; Van de Kerkhof, 38 - Katalinski, 43; Caiç, 83

19 iyun, Zaqreb, "Maksimir" 6 766 tamaşaçı

Baş hakim: Valter Hungelbüler (İsveçrə)

Niderland: P.Şriyvers, Suurbyer, Van Kraay, Krol, Peters, Yansen (Metstege, 46), R.Van дde Kerkhof, V.Van de Kerkhof, Gels, Arnts (Kist, 71), Rensenbrink
Yuqoslaviya: O.Petroviç, Mujiniç, Katalinski, Oblak, Bulyan, Şuryak, Junqul (Vladiç, 46), Açimoviç (Xəlilxociç, 46), Y.Yerkoviç, Popivoda, Caiç

 

FİNAL

Çexoslovakiya - Almaniya 2:2 (pen 5:3)

Qollar: Şveqlik, 8; Dobiaş, 25 - Müller, 28; Höltsenbayn, 90

20 iyun, Belqrad. "Srvena Zvezda" stadionu, 30 790 tamaşaçı

Baş hakim: Serko Qonella (İtaliya)

Çexoslovakiya: Viktor, Pivarnik, Ondruş (k), Y.Çapkoviç, K.Göq, Dobiaş (F.Vesyolı, 94), Moder, Panenka, M.Masnı, Şveqlik (Yurkemik, 80), Neqoda
AFR: Mayer, Foqts, Bekkenbauer (k), Şvartsenbek, Dits, Bonhof, Beer (Bonqarts, 80), Vimmer (Floe, 46), U.Heness, D.Müller, Heltsenbayn

 

Hazırladı: Anar XANLAROV