Sərbəst güləş yığmamız Bakıya döndü
- 01 Noy 2019 02:47
- 1242
Macarıstanın paytaxtı Budapeştdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında uğurlu çıxış edən sərbəst güləş yığmamız vətənə qayıdıb.
Rekord.az xəbər verir ki, bir qızıl, iki gümüş və iki bürünc medalla komanda hesabında dünya üçüncüsü olan millimizi Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Azərbaycan Güləş Federasiyasının rəsmiləri, güləşçilər və media nümayəndələri qarşılayıb.
Böyük məşqçi Zəlimxan Hüseynov komandanın çıxışından razı qaldıqlarını dilə gətirib:
"Dünya çempionatında 5 medal qazandıq. Bunu çox böyük uğur kimi qiymətləndiririk. Bu çıxışın əsas səbəbi yarışa yaxşı hazırlaşmağımız idi. Dünya çempionatı ərəfəsində həm Bakıda, həm də Mahaçqalada faydalı təlim-məşq toplanışları keçdik. Bunun nəticəsini Budapeştdə gördük. Güləşçilərimiz əzmkar mübarizə sərgilədi".
18 yaşında U-23 dünya çempionatında qızıl medal qazanan ilk güləşçimiz kimi adını idman tariximizə yazan Turan Bayramov qələbəsini belə şərh edib:
"U-23 dünya çempionatı böyüklər arasında analojji yarışdan sonra ikinci ən böyük turnirdir. Biz bu yarışa çox yaxşı hazırlaşmışdıq. Dağıstanda təlim-məşq toplanışında olduq. Sonra isə hazırlığı Bakıda davam etdirdik. Əlbəttə, rəqiblərim güclü idi. Ümumiyyətlə, indi dünyada güləş inkişaf edib. "Fransada güləş yoxdur" deyirlər. Amma bu ölkənin təmsilçisi yarımfinala çıxmışdı və mən ona 2:1 hesabıyla qalib gəldim. Yaponlara daha öncə uduzmuşdum. Ancaq finalda sindromu qıraraq dünya çempionu oldum".
Budapeştdə bürünc medalı boynundan asan Əfqan Xaşalovun fikirləri belə olub:
Turanın da qeyd etdiyi kimi, dünya çempionatında zəif idmançı yoxdur. İlk görüşdə Kuba güləşçisinə məğlub olsam da, daha sonra Çin və Rusiya güləşçilərinə qalib gələrək bürünc medal qazandım. Bildiyiniz kimi, 57 kq olimpiya çəkisidir. Məqsədim lisenziya qazanıb, ölkəmizi Olimpiadada təmsil etməkdir. Tokioda isə bayrağımızı yüksəltmək istəyirəm. Üzərimdə əziyyəti olan bütün məşqçilərə, o cümlədən federasiyaya minnətdarlığımı bildirirəm".
Dünya çempionatında gümüş medal qazanan Abubakr Abakarov və Hacımurad Məhəmmədsəidov da çıxış edərək yarışda keçirdikləri görüşlərdən danışaraq, növbəti yarışlarda gümüşü qızılla əvəzləməyə çalışacaqlarını bildiriblər.
Xatırladaq ki, dünya çempionatında Turan Bayramov (65 kq) qızıl, Abubakr Abakarov (79 kq) və Hacımurad Məhəmmədsəidov (86 kq) gümüş, Əfqan Xaşalovla (57 kq) Davud İbrahimov (70 kq) isə bürünc medal qazanıb. Yığmamız 111 xalla komanda hesabında dünya üçüncüsü olub.