Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib.

Rekord.az xəbər verir ki, qitə birinciliyində ilk öncə 57, 65, 70, 79 və 97 kq-da çıxış edən sərbəst güləşçilər mübarizəyə başlayıb.

Əliabbas Rzazadə (57 kq) təsnifat mərhələsində İspaniya təmsilçisi Levan Metreveliylə 7:0 hesabıyla qalib gəlib. Astara güləş məktəbinin yetirməsi daha sonra bolqarıstanlı Mikyay Salim Naimi üstələyib - 9:6. Əliabbas yarımfinalda gürcü Beka Bujiaşviliylə qarşılaşıb. Görüşün əvvəlindən təşəbbüsə yiyələnən həmyerlimiz rəqibinə göz açmağa imkan verməyib. Elə ilk hissədə tam üstünlüklə (10:0) qələbə qazanan Rzazadə debüt etdiyi Avropa çempionatının finalına yüksəlib. Əliabbas həlledici görüşdə Vladimir Yeqorovla (Şimali Makedoniya) qarşılaşıb. Rəqib 8:0 hesabıyla önə çıxsa da, görüşün sonlarında həmyerlimiz daha fəal güləşərək fərqi azaldıb. Ancaq yekunda 6:8 hesablı məğlubiyyətlə barışan Əliabbas gümüş medala sahib çıxıb.  

Yarışın reytinq favoriti olan Hacı Əliyev (65 kq) mübarizəyə 1/4 finaldan qoşulub. Millimizin liderinin bu mərhələdə türkiyəli Munir Aktaşı 12:6 hesabıyla məğlub edərək yarımfinala yüksəlib. Titullu güləşçimiz final yolunda moldovalı Maksim Sakultanı sınağa çəkib. Rəqib əvvəlcə 2 xal qazansa da, təcrübəli pəhləvanımızın geridönüşü möhtəşəm alınıb. Əliyev rəqibini vaxtından əvvəl məğlubiyyətə uğradaraq (12:2) 4-cü dəfə Avropa çempionatının finalına yüksəlib. Onun titul yolunda son rəqibi yerli publikanın sevimlisi İsmayıl Musukayev olub. Macarıstan təmsilçisi finaldan qalib (12:1) ayrılıb və Hacı qitə birinciliyini gümüş medalla başa vurub. Bu, onun Avropa çempionatlarında 4-cü medalı olub. 

Zirəddin Bayramov (70 kq) 1/8 finalda macar Daniel Antaldan güclü olub - 10:6. Şəmkir güləş məktəbinin yetirməsi Şimali Makedoniyadan olan Fati Veyselini də xalçadan məyus yola salıb - 9:4. Gənc pəhləvanımız finalın bir addımlığında gürcüstanlı Zurabi Yakobişviliylə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada Bayramov son saniyələrdə qələbəni əldən verib - 3:4. Zirəddin bürünc medal uğrunda bolqarıstanlı Ramazan Ramazanovla güləşib. İlk hissəni Bayramov 6:0 hesabıyla öndə tamamlayıb. Ancaq ikinci hissədə aldığı ağır zədə məğlubiyyətlə (7:11) nəticələnib.   

Əşrəf Aşırov (79 kq) ilk mərhələdə bolqar Miroslav Kirova heç bir şans tanımayıb - 9:0. Həmyerlimiz 1/4 finalda Arman Avaqyana tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Əşrəfin növbəti rəqibi gürcü Vladimeri Qamkrelidze olub. Görüşə Gürcüstan təmsilçisi daha yaxşı başlayıb və 4 xalla irəli çıxıb. Ancaq əsl əzmkarlıq nümayiş etdirən Aşırov təşəbbüsə yiyələnərək qazandığı ardıcıl xallarla hesabı lehinə dəyişib. Sonadək üstünlüyü əldən verməyən Əşrəf finala vəsiqə qazanıb. Həmyerlimiz qızıl medal uğrunda yunanıstanlı Georgios Kuqiumtsidislə güləşib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə minimal fərqlə (6:7) uduzan Aşırov ökəmizə 3-cü gümüş medalı qazandırıb. 

Maqomedxan Maqomedov (97 kq) AÇ-yə litvalı Lukas Krasauskas üzərində qazandığı inamlı qələbəylə (12:2) start verib. Təmsilçimiz 1/4 finalda Gürcüstanın təcrübəli güləşçisi Elizbar Odikadzeni məğlub edib - 14:7. Maqomedov yarımfinalda polşalı Zbiqniev Mateuş Baranovskiylə qarşılaşıb. Gərgin keçən görüşdə rəqibini 6:4 hesabıyla məğlub edən Maqomedxan Avropa çempionatının finalına yüksələn 4-cü güləşçimiz olub. Millimizin üzvü finalda Macarıstan təmsilçisi Vladislav Baytsayevlə üz-üzə gəlib. Görüşün əvvəlindən sonunadək üstün tərəf olan Maqomedov 11:5 hesabıyla qalib gələrək Avropa çempionu olub.  

Beləliklə, sərbəst güləşçilər Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla start verib.