Sərbəst güləşçilər Qazaxıstan yığması ilə birgə toplanış keçir
- 28 Apr 2021 13:40
- 715
Sərbəst güləş üzrə Azərbaycan yığması aprelin 21-dən Bakıda növbəti təlim-məşq toplanışına start verib.
Rekord.az xəbər verir ki, mayın 6-dan 9-dək Bolqarıstanın paytaxtı Sofiyada baş tutacaq Dünya Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyan hazırlıq prosesi Olimpiya Güləş Mərkəzində keçirilir.
Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam etdirilən təlim-məşq toplanışında əsasən taktiki-texniki çalışmalara üstünlük verilir. Hazırlıq prosesi ölkəmizə təşrif buyurmuş Qazaxıstan millisi ilə birgə keçirilir.
Qeyd edək ki, sərbəst güləşçilərimiz mayın 3-də Bolqarıstana yollanacaq. Olimpiadaya lisenziya qazandıracaq sonuncu yarış olan Dünya Olimpiya Təsnifat turnirində millimiz 3 çəkidə - 57, 86 və 125 kq-da Olimpiya Oyunlarına vəsiqə əldə etməyə çalışacaq. Sofiyada güləşin bu növü üzrə mübarizə mayın 6-7-də baş tutacaq.