Sərbəst güləşçilərdən DÇ-də daha 3 medal
- 25 Okt 2023 23:28
- 330
Albaniyanın paytaxtı Tiranada U-23 dünya dünya çempionatı davam edir.
Rekord.az xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qoşulan güləşçilərimiz bu gün həlledici görüşlərini keçiriblər.
Zirəddin Bayramov (65 kq) 1/8 finalda moldovalı Pavel Qraupa sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəlib. Bayramov amerikalı Brok Hardidən də güclü olmaqla (14:11) adını yarımfinala yazdırıb. Zirəddin gürcüstanlı Qoqa Otinaşvilini də 5:1 hesabıyla üstələyərək finala yüksəlib. Şəmkir güləş məktəbinin yetirməsi həlledici görüşdə rusiyalı İbrahim İbrahimova 0:7 hesabıyla məğlub olub və yarışı gümüş medalla başa vurub.
Kənan Heybətov (70 kq) ilk mərhələdə rusiyalı İnalbek Şeriyevə uduzub - 3:13. Rəqib finala yüksəldiyi üçün həmyerlimiz təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Heybətov tunisli Faruk Jelassi (11:0) və qazaxıstanlı Rodion Ançuqini (11:2) çətinlik çəkmədən üstələyib. Kənan bürünc medal uğrunda görüşdə amerikalı Duqlas Zapfa 9:2 hesabıyla qalib gəlib və dünya üçüncüsü olub.
Əşrəf Aşırov (79 kq) startda ermənistanlı Menua Yaribekyan üzərində inamlı qələbə qazanıb - 7:0. Həmyerlimiz növbəti görüşləri isə bir nəfəsə keçib. Belə ki, Aşırov 1/8 finalda ispaniyalı Qabriel Ramosa (13:0), 1/4 finalda hindistanlı Saqar Jaqlana (10:0), yarımfinalda isə qazaxıstanlı Şamsat Tahirə (11:0) tam üstünlüklə qalib gələrək finala vəsiqə qazanıb. Əşrəf həlledici görüşdə rusiyalı Maqomed Maqomayevə 4:9 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.
Bununla da sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. 2 gümüş, 3 bürünc medal qazanan millimiz 87 xalla komanda hesabında dünya 3-cüsü olub. ABŞ (148) birinci, Türkiyə (113) isə ikinci yeri tutub.
Xatırladaq ki, yığmanın tərkibində Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) isə bürünc medal qazanıb.