Serbiya və Azərbaycan milli komandaları arasında keçiriləcək DÇ-2022-nin seçmə mərhələ oyunu üçün bütün təyinatlar açıqlanıb.

Rekord.az xəbər verir ki, görüşü Belçikadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Erik Lambrektsə Rien Vanizer və Jo De Vayrdt yan xətt, Natan Verboomen dördüncü hakim kimi kömək edəcək. Laurens Visser VAR hakimi, Conatan Lando VAR hakiminin köməkçisi olacaq. Danimarkalı Yorn Vest Larsen hakim-inspektor, rumıniyalı Feliks Qriqore FİFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.

Oktyabrın 12-də, Belqraddakı Rayko Mitiç (“Marakana”) stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.