Serbiyanın baş məşqçisi Azərbaycanla oyunda xala zəmanət vermir
- 20 Mar 2021 14:00
- 623
Serbiya milli komandasının baş məşqçisi Draqan Stoykoviç DÇ-2022-nin seçmə mərhələsində İrlandiya, Portuqaliya və Azərbaycan yığmalarına qarşı keçirəcəkləri oyunlarla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 56 yaşlı mütəxəssis yerli mətbuata açıqlamasında millimizin asan rəqib olmadığını bildirib:
“Qrupdakı bütün oyunlara hazır olmalıyıq. Məni rəqibin adı yox, yalnız öz komandam narahat edir. Digər məsələlər və xüsusilə hər hansı hesablama ilə məşğul olmuram.
3, 6 və ya 7 xal barədə düşünmürəm. Mən 9 xal istəyirəm. Neçə oyunda qalib gələcəyimizi bilmirəm. Bilsəydim, matçlara pul qoyuluşu edib, zəngin olardım. Hədəf 9 xaldır. Bizi yalnız qələbələr maraqlandırır. Nəticə işimizin aynası olacaq".
Asan oyun yoxdur. Bütün görüşləri oynamaq lazımdır. Heç kim nəyəsə zəmanət verə bilməz. Lüksemburq və Azərbaycandan xallar alacağımıza kim zəmanət verir? Qrupda ən çətin matçlarımızdan biri Lüksemburqa qarşı olacaq".
Qeyd edək ki, martın 24-də evdə İrlandiya, 3 gün sonra isə Portuqaliya ilə qarşılaşacaq Serbiya yığması martın 30-da Azərbaycan yığmasının qonağı olacaq.