İyunun 25-də Türkiyənin İstanbul şəhərində sərbəst güləş üzrə Yaşar Doğu turniri start götürüb.

Rekord.az xəbər verir ki, ənənəvi yarışdakı yeganə təmsilçimiz Şərif Şərifov (97 kq) mübarizəyə 1/4 finaldan qoşulub.

Dünya, olimpiya və Avropa çempionumuz ilk görüşdə tunisli Səid Məhəmmədə tam üstünlüklə qalib gəlib – 10:0. Titullu güləşçimiz yarımfinalda Givi Matçaraşviliylə qarşılaşıb. Şərif yanvarda Fransanın Nitsa şəhərində keçirilən qran-pridə məğlub olduğu Gürcüstan təmsilçisindən revanş alıb – 3:0.

Beləliklə, Şərifov adını finala yazdırıb. Millimizin üzvü bu gün həlledici qarşılaşmada türkiyəli Mustafa Səssizlə qarşılaşıb. Rəqibini 4:0 hesabıyla məğlub edən təcrübəli pəhləvanımız Yaşar Doğu turnirinin qalibi olub.