"Şərt qoyuruq ki, məktəbdə qiymətini düzəltməyən uşaq məşqə buraxılmayacaq" YAZI + FOTOLAR
- 09 Okt 2023 15:00
- 758
Uşaq futboluna və uşaq futbolunda çalışan məşqçilərə dəstək xarakterli layihəmizdə növbəti həmsöhbətimiz “Sumqayıt” U-10 komandasının baş məşqçisi Musa Rəhimovdu. Musa Rəhimov 1983-cü ildə Sumqayıt şəhərində anadan olub. Uşaq yaşlarından rəhmətlik Tofiq Rzayev və hazırda “Sumqayıt” Futbol Akademiyasında çalışan Ağamusa Bağırovun rəhbərliyi altında futbolla məşğul olub. Peşəkar karyerasında daha çox “Neftçala”dakı çıxışları ilə tanınıb. Belə ki, Kamal Quliyevin rəhbərliyi altında I divizionda çempionluğu qazanan heyətdə Rəhimov da olub. Lakin təəssüf ki, AFFA bu komandanı Premyer Liqaya buraxmamışdı.
Hazırda uşaq futbolunda çalışan 40 yaşlı məşqçi 4-cü ildir ki, “Sumqayıt” Futbol Akademiyasında çalışır. Hazırkı komadası olan U-10-u isə cəmi iki aydır çalışdırır. İstedadlı uşaqların yer aldığı bu komanda həftədə 3 dəfə məşq edir. Bir gün isə oyun gününə ayrılır. Klub rəhbərliyi tərəfindən komandaya bütün lazımı şərat yaradılıb, uşaqların top, forma, inventar baxımından heç bir problemi yoxdur.
Musa bəy uşaqlarla işləməyin çətin və asan tərəflərindən danışıb: “Bu yaşda olan uşaqlar adətən ərköyün, dəcəl olurlar. Hətta bəzən butslarının ipini belə, bağlaya bilmirlər. Qısa desək, ipə-sapa yatmırlar. Amma başa düşürəm ki, uşaqdılar və səbrli davranmaq lazımdır. Onlar bu yaşda məşqə əyləncə kimi baxırlar. Biz də çalışır ki, onlar həm əylənsinlər, həm də əylənməklə bərabər, futbolun təməl texnikalarını öyrənsinlər. Bizim akademiyada 4-5 yaşdan başlayaraq, mini qruplarımız fəaliyyət göstərir. U-10 komandamız da həmin qruplardan formalaşır. Seçimlərimiz həm yayda, həm də qışda olur. Bu yaş qruplarında əvəzləmə limiti olmadığı üçün oyunlar zamanı istədiyimiz sayda əvəzləmə edə, hansısa uşağı meydançadan çıxarıb təkrar meydançaya qaytara bilirik. Çalışırıq uşaqların oyun vaxtını bərabər səviyyədə bölək ki, hər oyun fərqli heyətlə oynaya bilək”.
Həmsöhbətimiz hazırda çalışdığı uşaqların perspektivindən və məşqçi kimi, özünün məşq sistemindən də söhbət açıb: “İstedadlı uşaqlarımız çoxdur. Biz də çalışırıq bu istedadı daha da inkişaf etdirək, onların texniki cəldlik, çeviklik imkanlarını daha da yüksəldək. Bu il ilk dəfə Bakı zonasından ölkə çempionatına qatılacayıq. Əsas hədəfimiz komandanı formalaşdırmaqdı. Xüsusi gözləntim ikinci dövrə üçündü. Xüsusi istedadı ilə seçilən uşaqlarımıza gəlincə, Mehdinin, Özcanın, Zahidin, Yaqubun adını qeyd edə bilərəm. Məşqçi olaraq, məşq sistemimə gəlincə, şəxsən mən daha çox 1x1 formatlı oyunlara üstünlük verirəm. İstəyirəm ki, uşaqlar topla daha çox təmasda olsunlar, düşdükləri vəziyyətə görə özləri qərar versinlər. Məşq zamanı epizodu da müzakirə edəndə ilk növbədə çalışıram ki, uşağın özündən cabab alam, görüm o uşaq özü öz epizoduna necə şərh verəcək. Təbii ki, daha sonra uşaqların bilmədiyinizi özümüz də deyirik və göstəririk”.
Rəhimov uşaqların futbolla paralel təhsillərinə də xüsusi önəm verdiyini qeyd etdi: “Bizdə futbolla təhsilə eyni dərəcədə önəm verilir, uşaqların gündəlikləri ayda bir dəfə yoxlanılır. Hansı uşağın məktəb qiymətləri aşağı düşdüsə, onun valideyni ilə fərdi söhbət edirik, birlikə çıxış yolu axtarırır ki, növbəti həftələrdə həmin uşağın məktəbdəki qiymətrləri də qaydasına düşsün. Hətta şərt qoyuruq ki, məktəbdə qiymətini düzəltməyən uşaq məşqə buraxılmayacaq. Çünki gələcəkdə bu uşaqların hamısı futbolçu olmaya bilər. Bu mənada təhsildən kənarda qalmaq, təhsili ikinci plana atmaq olmaz”.
Həmsöhbətimiz eyni zamanda uşaqların vətənpərvər ruhda böyüməsinin də onlar üçün böyük önəm daşıdığını, bu yöndə özlərinin də xüsusi proqramla çalışdıqlarını bildirdi: “Bu məsələyə xüsusi yer ayırırıq. Bu aydan başlayaraq, işğaldan azad olunmuş ərazilərimizlə bağlı uşaqlarla sorğu-sual aparırıq, bilmədikləri məlumatları onlara çatdırırıq ki, onlar da öyrənsinlər, məlumatları olsun. Bundan başqa, milli qəhrəmanlarımızı onlara tanıdırıq, bununla bağlı da uşaqlar arasında sorğu keçiririk. Talant qruplarımızda sırf vətənpərvərliklə bağlı dərslər keçirilir, uşaqların vətənpərvər ruhda böyüməsi, vətəni, torpağı, bayrağı sevməsi üçün əlimizdən gələni edirik. Çünki hər bizimiz uşaqlıqdan vətən, bayraq sevgisini dərk etməli, vətən sevgisini hər şeydən üstün tutmalıyıq”.
Anar XANLAROV