Şərurda ağırlıqqaldırma yarışı keçirilib
- 27 Apr 2023 12:00
- 343
Şərur Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə qızlar və oğlanlar arasında ağır atletika üzrə açıq turnir keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Rekord.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı yarışın gedişatını izləyib.
Şərur Rayon Gənclər və İdman İdarəsi ilə Uşaq gənclər-idman məktəbinin birgə təşkilatçılığı ilə reallaşan turnir dahi şəxsiyyətin xatirəsini yad etmək, ağır atletikanın inkişafı və təbliğinə şərait yaratmaq məqsədi daşıyıb. Yarışın əvvəlində “Şərur” Xalq Yallı Ansamblının "İnci" qrupu tərəfindən tamaşaçılar üçün musiqili kompozisiya təqdim edilib. Sonra sağlamlıq imkanları məhdud atletlər bacarıqlarını nümayiş etdiriblər. Ardınca turnirə start verilib. Azyaşlı idmançıları ruhlandırmaq məqsədilə yarışa qatılan ağır atletika üzrə Azərbaycan çempionları Həsən Babayev və Gülcahan Əliyevanın nümunəvi çıxışı iştirakçılar tərəfindən coşqu və maraqla izlənilib. 19 idmançının iştirak etdiyi yarışın nəticələrinə gəlincə, Cəmilə İbrahimova, Ümid Babayev, Əlirza Hüseynov, Mikayıl Novruzov, Məhərrəm Qubanlı, İlkin Kərimov və Fəxrəddin Allahverdiyev öz çəki dərəcələrində qalib olublar.
İlk üç yerin sahibləri diplom və hədiyyələrlə mükafatlandırılıb. Ağır atletika sahəsindəki səmərəli fəaliyyətinə görə məşqçilər Şəfi Hüseynov və Anar Əliyev fəxri fərmanla təltif olunub. Əməkdar məşqçi Şəfi Hüseynov davamlı diqqət və dəstəyə görə minnətdarlıq edərək nazir Ramil Hacıya Şərur ağır atletika bölməsinin xatirə plaketini təqdim edib.