Şərurda ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo turniri keçirilib

Rekord.az-ın Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən aldığı məlumata görə, yeniyetmə oğlan və qız cüdoçular arasında keçirilən muxtar respublika turniri Olimpiya İdman Kompleksində reallaşıb.

Azərbaycan Cüdo Federasiyası (ACF), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Güləş Federasiyasının (NGF) təşkilatçılığı ilə keçirilən yarışa Naxçıvan şəhəri və bölgələrdən ümumilikdə 91 idmançı qatılıb.

Yarış iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq unudulmaz şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Sonra turnirin açılış mərasimi təşkil olunub. Öncə Dövlət Himni səsləndirilib. Çıxışlarda Ümummilli Liderin Azərbaycan idmanına yüksək qayğısından bəhs olunub, bu sahədə həyata keçirilən işlərdən danışılıb. NGF-nin sədri, Əməkdar məşqçi Faiq İsgəndərov turniri açıq elan edib. Şərur Rayon Mədəniyyət Sarayının “Arpaçay” instrumental ansamblı və “Şərur inciləri” yallı ansamblı tərəfindən tamaşaçılara konsert proqramı təqdim olunub. Sonra idmançıların mübarizəsinə start verilib.

Birincilikdə 12 çəki dərəcəsi üzrə mükafatçılar müəyyənləşib. Oğlanlarda Rövşən Hüseynəliyev, Rza Heydərli, İsa Əliyev, Fərid İbrahimli, Məhəmməd Mədətli, Ümid Əliyev, Hüseyn Axundov, Uğur Sadiqov, Rəhim Qaybalıyev, Həsən Həsənli, qızlarda isə Nailə Mustafazadə və Ləman Bağırova birinci yerə layiq görülüblər.

İlk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr təqdim olunub. Mükafatları gənclər və idman nazirinin müavini Məcid Seyidov, federasiya sədri Faiq İsgəndərov, ACF prezidentinin müşaviri, əməkdar idman ustası Natiq Bağırov və digərləri təqdim ediblər.

Qeyd edək ki, turnirin görüşləri ACF-nin hakimləri Arzu Azalova və Nuranə Muradova tərəfindən idarə olunub.