AFFA-nın baş katibi Sərxan Hacıyev "Turan Tovuz" - "Səbail" matçından sonra Tovuza ezam olunmuş jurnalistlərə müsahibə verib. Rekord.az həmin müsahibəni təqdim edir

 

- Tovuza səfərinizin xüsusi bir səbəbi var?

- Xeyr, xüsusi bir səbəbi yoxdu. Bu mövsüm ikinci dəfədir "Turan Tovuz"un ev oyununa gəlirik. Turun əsas oyunlarından biri idi. 

- "Turan Tovuz" rəhbərliyinin bu mövsüm əsas narazılığı hakimliklə bağlıdır. Bununla bağlı sizə yaxınlaşıb hər hansı şikayət bildirdilər?

- Müxtəlif oyunlarla bağlı narazılıqlar olanda müzakirə edirik. Ötən turda sonra hakimliklə bağlı müzakirəmiz olmuşdu. Şəxsən Ehtiram müəllimlə də bununla bağlı söhbətimiz olub. Əlbəttə ki, hakim səhvləri olanda bizi məyus edir. Çalışmalıyıq ki, gələcəkdə belə halların qarşısı alınsın. Bununla bağlı aidiyatı qurum da öz işini görür.

- Konkret olaraq, sizin özünüz hazırkı hakimlikdən razısınız?

- Ümumi götürsək, VAR sistemi özünü doğruldur. Lakin bir sıra hallarda müşahidə edirik ki, qərarlar düzgün verilmir. Bu hallar əlbəttə ki, bizi məyus edir və aidiyatı komitə ilə iş aparırıq ki, bir daha belə hallar baş verməsin.

- Gəncə akademiyasının açılışı planlaşdırılsa da, son anda təxirə salındı. Bu məsələ ilə bağlı son durum necədi?

- Bildiyiniz kimi həmin səfərdə həm İcraiyyə Komitəsinin baza ilə tanışlığı, həm də komitənin iclası nəzərdə tutulmuşdu. Lakin məlum olan səbəbdən sözügedən səfər təxirə salındı. Fevralın ilk günlərində bu səfər planlaşdırılır. Ancaq hansı tarixdə olacağı dəqiq bilinmir. 

- Milli komandanın baş məşqçisi postu da hələ boşdur, bir çox namizədin adı hallanır. Bu məsələdə son vəziyyətin nə yerdə olduğunu da geniş şəkildə bizimlə bölüşsəniz yaxşı olar.

- Rəsmi şəkildə deyirəm ki, hazırkı dönəmə qədər AFFA tərəfindən heç bir məşqçiyə təklif göndərilməyib. Biz də müşayət edirik ki, bəzən hansısa mütəxəssislər özləri açıqlama verir ki, mənimlə danışıblar, təklif göndəriblər, amma bir daha rəsmi şəkildə deyirəm ki, belə bir təklif heç kimə olunmayıb. İstər yerli, istərsə də əcnəbi. Heç danışıq da aparılmayıb. Bu işlə məşğul olan işçi qrupu tərəfindən də heç kimin adı hallanmayıb. 

- PFL prezidenti Elxan Səmədovun məlum durumu səbəbindən işçi qrupunun tərkibində dəyişiklik edilməsi nəzərdə tutulur?

- Hazırda belə bir məsələ gündəmdə deyil.

- Azərbaycan futbolundakı oyun alqı-satqısı ilə bağlı nə deyə bilərsiniz? Bir ara araşdırma getdiyiniz, açıqlama veriləcəyini desəniz də, sonradan heç nə açıqlanmadı...

- Bəli, dekabrın sonlarında bu məsələ ilə bağlı açıqlama vermişdim, hazırda da bu məsələ ilə bağlı araşdırmalar davam edir. Bu, tək AFFA tərəfindən yox, aidiyatı qurumlarla birgə aparılır. Sadəcəc, hazırda bununla bağlı açıqlama vermək məqsədəuyğun deyil. Amma gələcəkdə açlqlama olacaq.

- Premyer Liqa klublarının adı hallanır?

- Xeyr, aşağı liqa komandalarıdır. 

- AFFA prezidentliyinə keçiriləcək seçkilırlə bağlı hansı yeniliklər var?

- Bildiyiniz kimi, bu seçki konfrans vaxtı keçirilıcək. Konfransın dəqiq tarixi isə İcraiyyə Komitəsinin növbəti iclasında məlum olacaq. 

- Konkret namizədlər varmı?

- Ola bilsin fevralın birinci həftəsi, ya da ikinci həftəsi bu məsələ də dəqiqləşsin.

- Müxtəlif yaş qruplarından ibarət yığma komandaların da baş məşqçi sükanı boşdu. Həmin postlara təyinatlar nə zaman reallaşacaq?

- İcraiyyə Komitəsinin iclası təxirə salındığından AFFA daxili əmrlə belə qərara alındı ki, müvəqqəti olaraq hazırkı baş məşqçilərlə müqavilələr iki aylıq uzadılsın. 

- Mətbuatda və futbol ictimaiyyəti arasında növbəti mövsüm Premyer Liqada komanda sayının artımı ilə bağlı məlumatlar dolaşır. Sizcə, belə bir artım real görünür?

- Hazırda bu məsələ müzakirə mövzusu deyil. Amma idman prinsipi qorunacaq və sonuncu pilləni tutacaq komanda Premyer Liqanı tərk edəcək. 

- Klublar tərəfindən legioner limiti ilə bağlı da müəyyən narazılıqlar var, əksəriyyət limitin ləğvini istəyir. Bu məsələ necə, müzakirə oluna bilərmi?

- Bununla bağlı bizə hər hansı təklif gəlməyib. Belə bir məsələ olsa belə, düşünürəm ki, ilk öncə Klublar Komitəsində müzakirə olunmalıdır. Yeri gəlmişkən, yaxın zamanlarda sözügedən komitənin növbəti toplantısı olmalıdır. Əgər orada belə bir məsələ müzakirə olunub AFFA-ya təklif olunsa, onu müzakirə etməyə dəyər.

- Növbəti mövsümdən klublara ayrılan maliyyə yardımının artırıılması gözlənilir?

- Xeyr, həm Premyer Liqada, həm də aşağı liqalarda belə bir artım gözlənilmir.

- Amma vergilərin bu ildən etibarən 5 faizdən 20 faizə qaldırılması klublarımıza pis təsir edəcək...

- Razıyam, bu məsələ klubların büdcəsinə təsir edir, lakin bu dövlət qanunudur və buna görə klublara əlavə vəsaitin ödənilməsi gündəmdə deyil. 

- Ötən dəfə Maşallah Əhmədov AFFA prezidentliyinə namizədliyini irəli sürəcəyini bildirmişdi. Rəsmi müraciət forması necədi?

- Xeyr. Ümumiyyətlə, prosedur elədir ki, öncə konfransın vaxtı açıqlanır. Daha sonra konfransa 15 gün qalmış bütün federasiyalara, üzvlərə öz namizədlərini irəli sürmək üçün 10 günlük vaxt verilir. Lakin konfransın vaxtı açıqlanmadığı üçün hansısa namizədin də adı irəli sürülməyib.