“Sevinməyə çox vaxtımız yoxdur” - Rəşad Sadıqov
- 30 Mar 2024 21:43
- 213
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turu çərçivəsində səfərdə "Sabah"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:
"Əvvəlki dövrlərdə də "Sabah"la aramızda baxımlı oyunlar olmuşdu. Bu gün də yaxşı, gərgin mübarizə şəraitində keçən matç oldu. Hər iki komanda qələbəyə layiq idi. Biz son vuruşlarda bir az uğurlu olduq. Vacib 3 xal qazandıq.
İkinci hissədə "Sabah"ın təhlükəli hücumları oldu. Böyük qüvvə ilə irəli atılanda onların müdafiəsində boşluqlar yaranırdı. Bizim istəyimiz həmin boşluqlardan istifadə edib ikinci qolu vurmaq idi. Son dəqiqələr bizim üçün gərgin keçdi.
Turnir cədvəli o qədər sıxdır ki, qazanılan hər 3 xal qızıla bərabərdir. Sevinməyə çox vaxtımız yoxdur. Üç gün sonra bizi vacib kubok matçı gözləyir.
Çempionat və kubok arasında fərq qoymuruq. Hər ikisi bizim üçün çox önəmlidir. Həmişə qarşıdan gələn oyunu fikirləşirik”.