Şeydayevi necə xilas etməli?
- 27 Sen 2021 15:55
- 1932
Çox yox, cəmi bir il bundan əvvəl futbol azarkeşlərinin əksəriyyəti Mahir Emrelini ağ yuyub, qara sərməklə məşğul idi. Deyirdilər ki, ondan futbolçu olmaz, “Qarabağ”ın heyətində meydana çıxması Qurban Qurbanovun Emreliyə böyük jestidi. Qurban bəy isə deyilənlərə fikir vermir, Mahirə güvənməyə davam edirdi. Maraqlıdı ki, Mahir çempionatımızın ən bahalı legionerlərindən sayılan Baqali Dabodan çox qol vuranda da, bu qollarıyla “Qarabağ”ın çempionluğunda müstəsna rol oynayanda da tənqid olunurdu. Amma özü bu tənqidlərə əhəmiyyət vermir, elə Qurban Qurbanov kimi soyuqqanlılığını qoruyur, başını aşağa salıb, öz işiylə məşğul olurdu. Onun işi elə qol vurmaq idi...
İndi Mahir həmin işi Polşada görür. Bu ölkənin adlı-sanlı klublarından birinə - “Legiya”ya transfer olunub. Elə ilk mövsümdəcə, elə ilk oyunlardanca özünü göstərməkdə, adından söz etdirməkdədi. Heç kim azərbaycanlı futbolçunun qara qaşına-gözünə aşiq olub, ona heyətə yer verməz. Hələ-hələ “Legiya” kimi iddiali bir klubda, Polşanın ən köklü klublarından birində bunu etməzlər. Mahir əvvəlcə özünü məşqlərdə göstərdi, böyük istedad yiyəsi olduğuna ordakıları inandıra bildi. Sonra da bunu rəsmi oyunlarda isbatladı, vurduğu qollarla azarkeşlərin sevgisini, baş məşqçisinin etimadını qazandı. İndi az qala bütün Polşa ondan danışır. Düzdü, “Legiya”nın nəticələri elə də yaxşı deyil. Avropa Liqasının qrupunda oynayan, ilk turda Moskvada “Spartak”a uduzmayan “Legiya”nın öz çempionatında işləri qaydasında deyil. Mahir qollarını vurur, amma müdafiəçilərin səhvləri nəticəsində “Legiya” öz qapısında daha artığını görür. Bu da ki, artıq başqa söhbətin mövzusudu. Hər şey belə davam etsə, Mahiri daha səviyyəli çempionatın daha səviyyəli təmsilçisində görəcəyimiz gün də uzaqda deyil.
Azərbaycanda indi Mahiri tərifləyirlər, onunla qürur duyanların, istedadından danışanların sayı çoxalıb. Əvəzində tənqid etməyə yeni ad tapmışıq. Bu dəfə hədəfdə Ramil Şeydayevdi. Rusiyada böyük ümidlərlə ölkəmizə “dartdığımız” Şeydayev çoxdandı ki, özünə bənzəmir. Nə millidə, nə də çıxış etdiyi klublarda yüksək qol duyumunu sərgiləyib, öldürücü zərbələr vura bilmir. Sanki getdikcə də geriləyir, özünə inamı azalır. Düzdü, onun “Bazel”in qapısına ünvanladığı baş zərbəsi tora qovuşsaydı, indi nə mən bu yazını yazardım, nə də tənqidçiləri danışmağa söz tapardı. Bəlkə də, həmin qol Şeydayevi “yuxudan oyadar”, hücumçu qollarını sıralamağa başlayardı. Amma reallıq başqadı. Ramil nəinki “Bazel”in qapıçısını, heç “Keşlə”nin moldovalı qolkiperi Namaşkonu məyus edə bilmir. Premyer Liqanın beş turu arxada qalıb, Ramil hələ “Qarabağ” azarkeşlərini vurduğu qolla sevindirməyib. Faciəvi durum deyil, amma bir balaca xoşagəlməzdi.
Şeydayevin “Qarabağ”dakı vəziyyəti heç də pis deyil, Qurbanovun ona etimadını biz kənardan da görürük. Bununla belə həmin etimadın bitib-tükənməyəcəyinə də təminat yoxdu. Şeydayev özünə gəlməli, bu etimadı da, öz ad-sanını da doğrultmalıdı. Bununla həm özünəinamını bərpa edər, həm də tənqidçiləri susdurmuş olar. Lazımdısa, Ramilin veteran hücumçularla görüşünü keçirmək, ona psixoloji dəstək vermək mümkündü. Yetər ki, Şeydayev qol vursun, özünə qapanmasın. Həm “Qarabağ”, həm də Azərbaycan futbolçu üçün. Elə Ramilin öz gələcəyinə görə onu qazanmalıyıq!