“Keşlə” ötən mövsüm Rumıniyanın “Universitatya Krayova” klubundan icarəyə götürdüyü Sezar Meza Kollini yenidən heyətinə qatıb.

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Paraqvaylı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. “Universitatya Krayova” ilə müqaviləsini ləğv edən futbolçu “Keşlə”yə bu dəfə azad agent statusunda keçib.

Xatırladaq ki, Sezar 2013-2016-cı illər aralığında “Keşlə”nin “İnter” adlandığı dövrdə də bu klubun uğurları üçün çalışıb. 29 yaşlı futbolçu 2018-ci ildə də paytaxt təmsilçisində forma geyinmiş və məhz bu klubdan Rumıniya təmsilçisinə transfer olunmuşdu.

Ötən mövsüm icarə əsasında yenidən “Keşlə”yə qayıdan Meza Kolli, bu ilin əvvəlində koronavirus pandemiyasına görə elan olunmuş karantin dövründə Azərbaycanı tərk etmişdi. Bakılılar yaydan bəri onun yolunu gözləsə də, Sezar başqa klublardan daha sərfəli təklif almaq ümidi ilə “Keşlə”yə qayıtmaqdan imtina edirdi.