Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la qarşılaşacaq “Sileks”in (Şimali Makedoniya) baş məşqçisi Qoran Simov açıqlama verib.

Rekord.az “gol.mk” saytına istinadən xəbər verir ki, Simov, bütün diqqətlərini “Qarabağ”a yönəltdiklərini deyib:

“Pelister”lə heç-heçə etdiyimiz oyundan sonra psixoloji durumumuzu düzəltməyə çalışırıq. Hər şeyi geridə qoyub, bütün diqqətimizi “Qarabağ”a yönəldirik. İstəyirəm ki, futbolçularım meydanda ən yaxşısını etsinlər. Möcüzələrə inanmalıyıq, çünki futbolda bu tez-tez olur. Komandalar arasında cəmi bir oyun olacaq. Komandamın intizamlı və istəkli olmasını istəyirəm. Bunu bacarsaq, mükafatımızı alacağıq”.

Sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” matçına saat 20:00-da start veriləcək. Cütün qalibi növbəti mərhələdə “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.