Şirvan Şəhər Gənclər və İdman İdarəsi tərəfindən B.Aslanov adına Şirvan şəhər 16 saylı tam orta məktəbin idman zalında 27 fevral-05 mart tarixində keçirilən "İdman Həftəsi" çərçivəsində boks üzrə məşqçi-müəllim Şahin Qocayevin rəhbərliyi altında boks idman növü üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, ümumilikdə 150-yə yaxın şagirdin iştirakı ilə keçirilən ustad dərsində Şahin Qocayev şagirdlərə zərbələrin müdafiə fəndləri və vurulmasının əsas üsullarını nümayiş etdirib, bu idman növünün faydasından danışıb.

Qeyd olunub ki, boksla məşğul olmaq insana çoxcəhətli təsir edir, bəzən nəinki fiziki imkanları, hətta dünyagörüşü də kökündən dəyişir. Boks reaksiyanın, intizamın, hərəkətlərin dəqiqliyinin və koordinasıyasının yaxşılaşmasına kömək edir, əzələlərin dözümlülüyünü və qüvvəsini yüksəldir, zərbələri almağı və onlardan düzgün qaçmağı öyrədir. Boks həm də ürək-damar və tənəffüs sistemləri üçün faydalıdır: sparrinq zamanı ürək əzələsi məşq edir, düzgün tənəffüs öyrədilir. Keçirilən ustad dərsi şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.