Şirvanda “Sağlam bədəndə, sağlam ruh” devizi altında kross qaçışı
- 13 Apr 2023 17:16
- 382
Şirvan Olimpiya İdman Kompleksində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin,Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin birgə təsdiq etdikləri Əsasnaməyə əsasən Şirvan Şəhər Gənclər və İdman İdarəsi və Şirvan Şəhər Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Sağlam bədəndə, sağlam ruh” devizi altında kross qaçışı və turnikdə dartınma üzrə respublika yarışlarının şəhər mərhələsi keçirilmişdir.
Rekord.az xəbər verir ki, yarışdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.Sonra Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Açılış mərasimində Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Rövşən Mehrəliyev,Daxili İşlər Nazirliyinin Dinamo İdman Cəmiyyətinin fiziki hazırlıq şöbəsinin inspektoru,polis baş leytenantı Xudayar Kərimov çıxış edərək bildirdilər ki,gənclər arasında sağlam həyat tərzinin təbliği, onların Daxili İşlər Nazirliyi sistemində xidmətə həvəsləndirilməsində belə yarışlar mühüm əhəmiyyət kəsb edir. Çıxışçılar belə yarışların şəhərdə idmanın kütləviliyin artmasına böyük təkan verdiyini dilə gətirdilər. Çıxışlardan sonra 14-17 yaşlı yeniyetmələr yarışların proqramında müəyyən olunmuş marşrut üzrə 1000 m məsafəyə kross qaçışı və turnikdə dartınma ilə çıxış ediblər.
Yarışın sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutmuş idmançılar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə təltif olunublar.