“Sivasspor”un 4 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq
- 02 Noy 2020 15:15
- 646
Türkiyənin “Sivasspor” klubu ciddi itkilərlə üzləşib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində qarşılaşacağı Azərbaycan çempionu “Qarabağ”la oyunda azı 4 futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Klubun rəsmi saytının yaydığı məlumata görə, sol ayaq əzələsində yırtıq aşkarlanan Xorxe Feliks 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Daha əvvəl ayağından əməliyyat olunmuş Aaron Appindanqoenin müalicəsində sonuncu mərhələ başlayıb. Sağ dizində problem aşkarlanan Sergey Rıbalka və Ziya Erdalın 1 həftədən sonra məşqlərə başlayacağı bildirilib. Onların Ağdam klubu ilə görüşü buraxacağı dəqiqdir.
Digər zədəli Marselo Qoyanonun isə yaxın günlərdə komanda ilə hazırlıq prosesinə qoşulacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 5-də keçiriləcək "Sivasspor" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 21:55-də start veriləcək.