“Canni De Byazi heç də düzgün seçim etməyib”.

Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında millinin keçmiş müdafiəçisi Ramiz Məmmədov deyib.

Azərbaycan yığmasının Portuqaliya və Serbiya ilə dünya çempionatının seçmə oyunları, həmçinin Qətərlə yoldaşlıq görüşü üçün heyəti açıqlanıb.

Baş məşqçi Cani De Byazi 30 futbolçuya dəvət göndərib. Onların arasında cəmi bir legioner var ki, bu da Ukrayna "Minay"ından ilk dəfə çağırılan hücumçu Anatoli Nuriyevdir.

R.Məmmədov italyan mütəxəssisin bir sıra futbolçuları diqqətdən kənarda saxladığını və bunun anlaşılmaz olduğunu bildirib:

“Məsələn, Ağabala Ramazanovla Əfran İsmayılovun adını çəkərdim. Ağabala “Zirə”nin aparıcı simalarından biridir.

Premyer Liqada özünü yaxşı tərəfdən göstərə bilən azsaylı hücumçulardan biridir. Mən ona qarşı ayrı-seçkilik görürəm.

Güman ki, bəzi adamlar Ağabalanı çağırmaması üçün De Byaziyə təzyiq edir. Yoxsa oyuna qalsa, o, ən birinci çağırılmalı olan futbolçulardan biridir.

Ağabalanin düşdüyü vəziyyət “Zirə”nin çıxışına da mənfi təsir göstərir. Mən olsam, Əfranın da xidmətindən istifadə edərəm. Demirəm, 90 dəqiqəni çıxarar.

Heç olmasa, bir hissə oyunda “poqoda” edə bilər. Təcrübəsi və texnikası ilə bu dəqiqə milliyə yararlıdır.

Siyahıdan görünür ki, De Byazi kimlərin məsləhəti ilə oturub-durur. Orada elə adlar var ki... Millini bu qədər ucuzlaşdırıblar. Vaxt var idi, milliyə düşmək üçün çox əziyyət çəkməli olurdun.

İndi ayağı top tutanı da, tutmayanı da ora götürürlər. Əvvəl sən özünü meydanda göstərməli, olduğun klubda seçilməli idin.

Bu gün klubunda heyətə düşməyənləri, başqalarından fərqlənməyənləri ökənin bir nömrəli komandasına çağırırlar. Ona görə ki, xüsusi adamlar var, tapşırılıblar”.