Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin idman zalında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunmuş gənclər arasında 3x3 basketbol idman növü üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda yerlər uğrunda rayon tam orta məktəblərinin 8 komandası mübarizə aparıb.

Birinciliyin açılış mərasimində yarışın keçirilmə məqsədləri və əhəmiyyəti haqqında məlumat verilib. Yarış gənclərin vətənpərvərlik hisslərinin yüksəldilməsi, basketbol idman növünün Siyəzən rayonunda inkişaf etdirilməsi və bu idman növünə marağın artırılması, gənclərin fiziki sağlamlıqlarının qorunması və möhkəmləndirilməsi, həmçinin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

Oyunların nəticəsinə əsasən Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin komandası I yeri tutaraq yarışın qalibi olub. Siyəzən şəhər 1 nömrəli tam orta məktəbin komandası II, Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin komandası isə III yeri tutub.

Yer tutan komandalar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin kubok, medal və diplomları ilə təltif ediliblər.