Siyəzən şəhər stadionunun idman zalında 27 Sentyabr - Anım gününə həsr olunmuş cüdo idman növü üzrə 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə keçirilən yarışda 30 nəfərdən çox yeniyetmə cüdoçu mübarizə aparıb.

Birinciliyin açılış mərasimində Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və iştirakçılara yarışın məqsədləri haqqında məlumat verilib.

Yarış Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad olunması, yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi, Vətən müharibəsinin tarixi əhəmiyyətinin gənc nəsil arasında təbliği, cüdo idman növünün inkişaf etdirilməsi, həmçinin bu idman növünə yeniyetmələrin marağının artırılması məqsədi ilə keçirilib.

Birinciliyin mükafatlandırma mərasimində yer tutan iştirakçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif ediliblər.