“Narkomaniyaya yox deyək” layihəsi çərçivəsində şəhər 2 saylı tam orta məktəbin idman zalında “Basketbol hamı üçün” kütləvi idman tədbiri keçirilib.

Rekord.az xəbər verir ki, tədbir narkomaniya və digər zərərli vərdişlərin yeniyetmə və gənclər arasında yayılmasının qarşısının alınması, basketbol idman növünə marağın artırılması, sağlam həyat tərzinin təbliği və asudə vaxtın səmərəli təşkil edilməsi məqsədi daşıyıb.

Eyni zamanda maarifləndirmə xarakteri daşıyan tədbir zamanı narkomaniya və digər zərərli vərdişlərin insan həyatına, sağlamlığına və mənəviyyatına mənfi təsirləri, cəmiyyət üçün təhlükələri və ondan qorunmağın yolları barədə ətraflı məlumat verilmiş, narkomanlığa qarşı mübarizədə idmanın, dərsdən kənar belə tədbirlərin önəmli rol oynadığı və ona qarşı hamılıqla mübarizə aparmağın vacibliyi vurğulanıb. Daha sonra müxtəlif yaş qruplarında olan iştirakçılar basketbol oyununda mövcud olan qaydalar, bu idman növündə effektiv hərəkətlər, topu səbətə dəqiq atmağın sirləri və s. haqqında nəzəri və praktiki olaraq məlumat alıblar, həmçinin komandalara bölünərək yarışıblar.