Siyəzən Gənclər Evində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə münasibəti ilə 2012-2014-cü il təvəllüdlü yeniyetmə oğlanlar və qızlar arasında şahmat üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı keçirilən yarışda 40 nəfər yeniyetmə şahmatçı mübarizə aparıb.

Yarış Ümummilli Lider Heydər Əliyevin xatirəsinin yad edilməsi, yeniyetmələrin vətənpərvərlik və dövlətçiliyə sədaqət ruhunda tərbiyəsi, şahmat idman növünün inkişaf etdirilməsi, şahmat oyununun yeniyetmələr arasında təbliği və kütləviliyinə nail olunması və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkil olunması məqsədi daşıyıb.

2 gün davam edən yarışın nəticəsinə əsasən oğlanlar arasında şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Kərəmov Səid I yeri tutaraq yarışı qalibi olub. Şəhər 1 və 2 nömrəli tam orta məktəbin şagirdləri Atakişiyev Hikmət II və Quliyev Ümid III yeri bölüşüblər. Qızların yarışında isə şəhər 6 nömrəli məktəb-liseyin şagirdi Mirzəzadə Rəhilə I yeri tutaraq yarışı qalibi olub. Şəhər 2 nömrəli tam orta məktəb və 6 nömrəli məktəb-liseyin şagirdləri Heydərov Mədinə II Və Muradlı Sevil III yeri bölüşüblər.

Yer tutan yeniyetmə şahmatçılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə təltif ediliblər.