Siyəzən 2 saylı tam orta məktəbin idman zalında Novruz bayramı münasibəti ilə 2005-2007-ci il təvəllüdlü oğlanlar arasında voleybol idman növü üzrə rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 10 komanda qalib adı uğrunda mübarizə aparıb.

Yarış voleybol idman növünün rayonda inkişaf etdirilməsi, idmanın bu növünə yeniyetmə və gənclərin marağının artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi, idman oyunlarının kütləviliyinin yüksəldilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunların nəticəsinə əsasən Böyük Həmyə kənd tam orta məktəbin komandası I, Gilgilçay stansiya tam orta məktəbin komandası II, Yenikənd kənd tam orta məktəbin komandası isə III yeri tutub. Yer tutan komandalar Gənclər və İdman İdarəsi tərəfindən kubok və fəxri fərmanlarla təltif ediliblər.