Siyəzən şəhər 2 nömrəli tam orta məktəbin idman zalında Novruz bayramı münasibəti ilə 2006-2008-ci il təvəllüdlü oğlanlar arasında voleybol idman növü üzrə Siyəzən rayon birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 komanda qalib adı uğrunda mübarizə aparıb.

Yarış Novruz bayramının qeyd edilməsi, voleybol idman növünün rayonda inkişaf etdirilməsi, idmanın bu növünə marağın artırılması, gənclər arasında sağlam həyat tərzinin təşviq edilməsi, həmçinin asudə vaxtın səmərəli təşkil olunması məqsədi daşıyıb.

Gərgin idman mübarizəsi şəraitində keçən birinciliyin oyunlarının nəticəsinə əsasən Böyük Həmyə kənd tam orta məktəbin komandası I, şəhər 2 nömrəli tam orta məktəbin komandası II və Yenikənd kənd tam orta məktəbin komandası III yeri tutublar.

Mükafatlandırma mərasimində yer tutan komandalar kubok və diplomlarla təltif olunublar.