Siyəzən şəhər stadionunun idman zalında Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Siyəzən rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “İdman hamı üçün” layihəsi çərçivəsində sərbəst güləş üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, ustad dərsi sərbəst güləş üzrə qadınlar arasında dünya və Avropa çempionu, yeniyetmələrin III Yay Olimpiya Oyunlarının bürünc, I MDB Oyunlarının gümüş mükafatçısı, ölkəmizin qadınlardan ibarət sərbəst güləş üzrə milli yığmasının üzvü Şahanə Nəzərova və onun məşqçi-müəllimi, Azərbaycan Respublikasının Əməkdar məşqçisi Ağadədə Allahverdiyevin iştirakı ilə təşkil olunub.

Kütləvi idman tədbiri uşaq və yeniyetmələr arasında sərbəst güləş idman növünə marağın artırılması, uşaq və yeniyetmələrin daha böyük kütləsinin idman cəlb edilməsi, yeniyetmə güləşçilərin ustalıq səviyyəsinin yüksəldilməsi və sağlam həyat tərzinin təbliğ olunması məqsədi daşıyıb.