"Çelsi"nin sabiq baş məşqçisi Felipe Skolari klubdan ayrılmasının səbəblərindən danışıb.

Rekord.az xəbər verir ki, 2008/2000 mövsümündə cəmi 7 ay "zadəganlar"ı çalışdıran  braziliyalı mütəxəssis "Ygfoot"a açıqlamasında futbolçularla arasında problem olduğu üçün komandadan göndərildiyini deyib:

"Əvvəlcə Droqba ilə onun zədəli olan vaxtlarında problem yaşadım. O dedi ki, müalicəsi üçün Kanna getməlidir. Mən isə onun Londonda qalmalı olduğunu düşünürdüm. Bu da bizim problem yaşamağımıza səbəb oldu. Droqbanın zədələndiyi vaxtlarda Anelka onun mövqeyində oynadı. Anelka isə həmin dövrdə çox yaxşı oyun nümayiş etdirirdi, liqanın ən yaxşı bombardiri oldu. Bu halda həm Droqbanı, həm də Anelkanı bir arada oynada biləcəyimiz bir sistem qurmağa çalışırdıq. Belə vəziyyət çox çətin idi. Ona görə də üçümüzün olduğu bir iclas keçirdim. Anelka açıq-aşkar dedi ki, fərqli bir mövqedə oynamayacaq. Nəticədə işlər daha da çətinləşdi. Anelkanın da, Droqbanın da pis bir niyyəti yox idi. Amma bu məsələyə görə "Çelsi"dən ayrıldım və həyatımın ən böyük fürsətlərindən birini əldən verdim".