ŞOK iddia: "Barselona" Messini tənqid etmək üçün pul xərcləyib?
- 18 Fev 2020 14:49
- 663
"Barselona"nın klubun prezidenti Josep Mariya Bartomeunun nüfuzunu qorumaq üçün şirkət işə götürdüyü iddia olunub.
Rekord.az xəbər verir ki, bu barədə "Marca" yazıb.
Nəşr yazıb ki, şirkətin məqsədi sosial şəbəkələr vasitəsi ilə klub rəhbərliyinin imicini qorumaq, həmçinin klubun bəzi keçmiş və hazırkı oyunçuları tənqid etmək olub. Şirkətin bunun üçün "Tvitter" və "Feysbuk"da 100 hesabının olduğu bildirilib. Şirkət vasitəsi ilə Lionel Messi, Jerar Pike, Pep Qvardiola, Xavi və Karles Piyol kimi şəxslərin tənqidə məruz qaldığı vurğulanıb. L.Messinin 2017-ci ildə müqavilənin uzadılmasının gecikdirməsi ilə əlaqədar sosial şəbəkələrdə tənqid olunmasının şirkət tərəfindən edildiyi iddia olunub.
"Barselona" nümayəndələri isə 1 milyon avroya bir şirkətin işə götürülməsi faktını təsdiqləyib. Ancaq həmin şirkətin sosial şəbəklərdəki bu cür fəaliyyəti rədd olunub. Klub rəsmi saytı vasitəsi ilə İspaniya mətbuatından bu yanlış məlumata görə üzr istəməyi və məlumatı təkzib etməyi tələb edib. Klub əks təqdirdə, məhkəməyə müraciət edəcəyini açıqlayıb.