"Son oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"
- 31 May 2024 14:00
- 369
Qızıl Avropa Liqasında mübarizə aparan kişi voleybolçulardan ibarət millimiz bu gün növbəti oyununa çıxacaq. "Rekord.az" xəbər verir ki, komandamız 3-cü tur çərçivəsində ilk olaraq meydan sahibi Estoniya ilə üz-üzə gələcək.
İlk iki turu xalsız başa vuran yığmamızın blokçusu Elmin Alışanov yarışla bağlı fikirlərini bölüşüb:
"Qızıl Avropa Liqasında Avropanın güclü komandaları iştirak edir. Həmçinin komandaların heyətindəki voleybolçular ən güclü klublarda çıxış edirlər. Qarşılaşdığımız komandalarla oyunumuz istənilən kimi alınmadı. Əlimizdən gələni etsək də güclü müqavimət göstərə bilmədik.
Növbəti tur bu gün Estoniyada start götürəcək, rəqiblərimiz isə ev sahibi və Lüksemburq komandasıdır. Deyə bilərəm ki, Estoniya daha güclü rəqibdir. Çalışacağıq hər iki oyunda yaxşı oyun göstərək. Düşünürəm Lüksemburq komandasına qarşı oyun daha maraqlı keçəcək. Həmin oyunda qalib gəlmək şansımız daha çoxdur. Komandmıza gəldikdə isə deyə bilərəm ki, bəzi oyunçularımız milliyə yeni cəlb olunublar, həmçinin komanda şəklində məşqlər üçün az zamanımız oldu. Yenə də çalışırıq ki, yaxşı çıxış edək. Son oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".