Son tura baxış
- 11:26
- 32
Premyer Liqada 14-cü tur geridə qaldı. Öyrəndik ki...
- Vaqif Cavadov qısa müddətdə 3 qələbə qazanaraq həm komandasını turnir cədvəlinin zirzəmisindən çıxartdı, həm də perspektivi olan bir mütəxəssis kimi özünü sübut edə bildi. Bəli, "tezdi" də deyə bilərdik, amma göz önündə olan şeyləri danmaq olmaz. Ayxan Abbasov komandasını qapısına sıxmaq, əzmkar qələbə qazanmaq asan iş deyil. Bir sözlə, bu gün üçün Cavadovun təyinatının doğru olduğu görünür.
- "Zirə" eniş dövrünü yaşayır və bu tur autsayderə məğlubiyyəti də bunu təsdiqlədi. Rəşad Sadıqov komandasına silkələməli, heç olmasa işin motivasiya tərəfini düzəltməlidi. Ələ düşən imkanların qaçırılması da artıq adi hal alıb və legionerlərin öz işlərinin öhdəsindən gəlmədiyini deyə bilərik.
- Berdıyevin guya postundan getmə xəbərləri "Turan Tovuz"un rəqiblərinin meydanla yanaşı, ondan kənarda da boş durmadıqlarına işarədi. Bunu Qərb təmsilçisinə "xoş gəldin" mesajı kimi qəbul etmək lazımdı. Zirvədə küləklər daha sərt əsir və komandanın liderlər qrupunda olması, iddiasının yüksəlməsi kimlərinsə planlarını pozur, yerini dar edir. Klub rəhbərliyi hər şeyə hazır olmalıdı. Ən öncə isə Berdıyev meydanda qələbə qazanmalıdı. Qələbələr gəldikcə, xallar qazanıldıqca hər şey daha yaxşı olacaq. Ancaq Kurban Bekiyeviç bir neçə turdur sürən aşkar enişi hələ də dayandıra bilmir. Təbii ki, bunun üçün resursu da yoxdu, komanda hücuma çıxdığı zaman dayanıb arxaya ötürmə edən, azarkeşlərin haqlı qəzəbinə tuş gələn Faiq Hacıyev və digərləriylə bu asan iş deyil. Amma yenə də Berdıyev Berdıyevdi, adını hər matç təsdiqləməlidi. Xüsusilə də bu həftə, "Araz-Naxçıvan"la.
- Renduliç klassik, çemodanları hazır məşqçi kimi danışmağa, hamını yola verməyə davam edir. 7 oyundu qələbə qazanmayan adamın komandası Tovuz səfərində hər top üçün döyüşməlidi. Buna isə şahidlik etmədik. Krunoslav müəllim isə "bu futboldu, futbolda belə şeylər olur" cümləsini artıq 982 dəfə təkrarlayıb. Sağ olsun ki, yadımıza saldı. Yoxsa elə bilirdik "Sabah" hokkey klubudu.
- "Qarabağ" yenə qələbə qazandı.
Kənan Məstəliyev