Şotlandiyalı jurnalist: “Qarabağ” bizi səviyyə fərqiylə yendi”
- 28 Avq 2021 13:33
- 1408
Şotlandiyalı idman jurnalisti, “The Dandy Dons of Aberdeen” fan-klubunun üzvü Robbi Hanrattinin “Rekord.az” saytına müsahibəsi.
- “Pittodri”dəki cavab matçını stadiondan izləmisiz. İlk öncə, oyun haqqında fikirləriniz bilmək istərdik.
- Səviyyə baxımından bizdən tam güclü olan rəqibə uduzduq. Təmsilçinizdə çox yaxşı məşqçi işi görünürdü. “Aberdin”in zəif tərəflərini yaxşı öyrənmiş və vaxtı çatan kimi bundan əla yararlanmağı bacardılar. Qolun tez vurulması da öz işini gördü. Bununla “Qarabağ” oyunun sükan arxasına keçdi və təəssüf ki, “Aberdin”ə ağır, heç cür mane ola bilmədiyi bir dərs keçdi. Stiven Qlass və oyunçular üçün yeni bir təcrübə oldu. Ancaq əminəm ki, onlar geriyə daha güclü şəkildə dönəcəklər. Baş məşqçinin işi hələ başlanğıcdadı, heyət və taktikada çoxlu dəyişikliklər də olub.
- “Qarabağ”dan belə performans gözləyirdiz, ya sizin üçün sürpriz oldu?
- Məncə, “Aberdin” Avropa Liqası və Çempionlar Liqasında mütəmadi çıxış edən yaxşı bir komandaya rəqib olacaqlarını bilirdi. Ancaq futbolçularınızın çox yaxşı formada olması və müdafiəni çaş-baş qoyan səliqəli pas oyunu oyunçuları və azarkeşlərimizi “dondurdu”. Əslində, hələ birinci oyunda da görmüşdük ki, “Qarabağ” yaxşı futbol oynaya bilir. Meydançanın pis olması belə buna mane olmamışdı.
- Şotlandiyalılar Azərbaycan və onun futbolu haqda nə bilirlər?
- Düşünürəm ki, Bakıda çoxlu pul var. “Qarabağ” da yəqin ki, uzun müddət avrokuboklarda iştirakına görə yaxşı gəlir əldə edib. Biz xalq olaraq Azərbaycan və onun futbolu haqda çox şey bilmirik. Ancaq dünənki (söhbət dünən olub – K.M) matçda “Qarabağ”ın taktiki mahiyyəti və ustalığını görüb hiss etmək imkanımız oldu.
- “Qarabağ”da hansı oyunçuların şotland nəhəngləri “Seltik” və “Qlazqo Reyncers”in heyətində yer ala biləcəyini düşünürsüz?
- Hər iki oyunu izləmiş biri kimi deyə bilərəm ki, “Qarabağ”ın bir çox oyunçuları şotland güclülərində oynaya bilərlər. “Qarabağ” bizim liqada sona qədər liderlik mübarizəsində ola biləcək gücdədi. Oyunçulardan xüsusi olaraq bir qol və iki qol ötürməsiylə fərqlənmiş Abdulla Zubiri qeyd edə bilərəm.
- Artıq “Qarabağ”ın qrupdakı rəqibləri məlumdu: “Bazel”, “Kayrat” və “Omoniya”. Təmsilçimizin qrupdan çıxmaq, pley-offda uzağa getmək şansını necə deyərləndirirsiz?
- Məncə, çətin qrup olacaq. “Aberdin” illər öncə “Kayrat”la qarşılaşmış və sona qədər mübarizə aparmışdı (1:1 və 2:1 hesabları ilə qazaxlar turu keçmişdilər – red.). Məncə, “Qarabağ” uğurlu start verə bilsə, qrupdan çıxa bilər.
- Sonda bir az da “Aberdin” fanat ordusu haqda danışaq. Sizin üçün “qırmızılar”ın azarkeşi olmaq nə deməkdi?
- “Aberdin” azarkeşləri çox hərarətli və sadiq azarkeşlərdilər. Sayları təxminən 10 min civarındadı. Ancaq 2014-cü ildə komanda Liqa Kubokunu qazananda, 44 min fanat bir araya gəlmişdi. Möhtəşəm və inanılmaz idi.
- Bizə “Aberdin” haqda heç kəsin bilmədiyi maraqlı nə məlumat verə bilərsiz?
- “Aberdin” iki Avropa titulu qazanan yeganə şotland klubudu. Arenamız “Pittodri” isə Böyük Britaniyada bütün yerləri oturaqlı olan ilk stadion kimi tarixə düşüb.
Kənan Məstəliyev, Rekord.az