Sotomayordan yanlış davranış
- 24 Apr 2021 16:29
- 1298
“Olimpiadaya hazırlaşıram”. Bunu boks yığmamızın üzvü Lorenso Sotomayor deyib. "Rekord.az" "Matc.az"-a istinadən xəbər verir ki, millimizin kubalı legioneri müntəzəm olaraq, instagram profilində canlı yayıma çıxır. Hazırladığı təamlar barədə danışıb, izləyicilərinin suallarını cavablandıran Sotomayor bu günkü yayımında hamını şoka salıb.
O, soyuducudan çıxardığı “Kuler” pivəsini nümayiş etdirərək, sevinclə “pivə var, pivə” söyləyib.
Gənclər və İdman Nazirliyinin yaydığı məlumata görə, boks yığmamız Tokio Yay Olimpiya Oyunlarına hələlik bir lisenziya qazanıb ki, bu hüquqa Tayfur Əliyev yiyələnib. Amma Rio-2016-da gümüş medala sahib çıxmış legionerin sonuncu dəfə hansı yarışda fəxri kürsüyə yüksəlməsini kimsə xatırlamır. Bu azmış kimi, yüksəködənişli idmançının Olimpiada öncəsi canlı yayımda spirtli içki nümayiş etdirməsi təəssüf doğurur. Görünür, federasiya rəhbərliyi, milli komandanın məşqçiləri kubalı legionerə nəzarət edə bilmir.
Gənclər və İdman Nazirliyi boks yığmamızın üzvü Lorentso Sotomayorun sosial şəbəkədəki bu davranışına münasibət bildirib. Qurumun mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova matc.az saytına bildirib ki, tanınmış idmançının əlinə spirtli içki alıb, onu nümayiş etdirməsi xoşagələn hal deyil: “Heç qəbulolunan hal da deyil”.
Məmmədova qeyd edib ki, idmançılar gənc nəsilə örnək olmalıdı: “Gənclər idmançılara baxıb, onlara bənzəmək istəyirlər. Nəzərə alsaq ki, tanınmış idmançı əlinə spirtli içki alıb, onu nümayiş etdirirsə, bu xoşagəlməz haldı. Düşünürük ki, federasiya rəhbərliyi Sotomayorun hərəkəti ilə bağlı mütləq şəkildə fikrini bildirəcək və gələcəkdə bu halın təkrarlanmaması üçün müəyyən addımlar atacaq”.