"Qalib gəlməyi çox istəyirdik. Milli pauza əhval-ruhiyyə baxımından bizə kömək edəcək. Narahatçılıq o idi ki, qol buraxdıq və ardı da gələ bilərdi. Oyunu həmin məcrada davam etdirib, qollar da vurmaq olardı. İlk hissədə yaxşı futbol göstərib, yaxşı hücumlar etdik. İkinci hissə oyunun tələbəi dəyişdi. Futbolçular bundan da üzüağ çıxdı. Mübarizəni sona kimi apardılar. Bu gün üç xal çox önəmlidir. Çempionatdan qopmamaq üçün, bunun da öhdəsindən gəldik".

Rekord.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 27-ci turunun "Səbail"lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Belə fasilələr bəzi komandaların xeyrinə, bəzilərinin əksinə olur. "Neftçi" üçün necə?

Hər tərəfdən baxmaq lazımdır. Emin Mahmudov kimi oyunçumuz zədəlidir. Digərləri də var ki, uzun müddətdir zədəlidir. Onların qayıdışı üçün kömək olacaq. İnanmıram ki, heç bir komanda bu qədər pauzaya razı olsun. Pauzadan gəldikdən sonra sanki birinci dəfə oyuna başlamış kimi olursan. 

- "Neftçi" mövsümün sonunda hədəfinə çata bilməsə, istefa verəcəksiz?

- İstefa verməliyəm?

- Avrokuboklara yollana bilməsəz, yerinə düşər...

Komandanı beş xalla götürmüşdük, 9 oyuna qələbə qazanmamışdıq. Klub üçün avrokuboklara vəsiqə qazanmamaq uğursuzluqdur. Bu qədər məşqçi dəyişərlər, filan deyirsiz. Bəs o nədir, bu nədir? Komandanı hansı vəziyyətdə götürdüyümüzü bilirik. Pis yolda deyilik. Ən azından kubokda yarımfinaldayıq. Heç udmadığımız komandaları uduruq. İstefaya səbəbdirsə...Söylədiklərinizin arxasında nələrsə gizlənir. Beş oyun udursan, deyilər məşqçi həmkarı ilə necə görüşdü? Biz öz işimizdəyik, rahatıq. Öz işimizi canla-başla rahatıq. İstefa? Niyə mövzü çıxarırsız?Çempionata 9-10 tur qalıb, nə olacağı bilinmir. Rəhbərliklə danışdıqlarımızdan xəbəriniz yoxdur. Mənim getməyimi istəyirsiz?

- Hazırda komandada bəzi legionerlər var. Darbo, Yeqor Boqomolski, Alfa Konte, Rafael Quzzo. Bu cür legionerlərlə "Neftçi" istəyinə çata bilər?

Yeni mövsümdə nələr olacaqsa, bunu yeni mövsümdən danışacağıq. Bu gün futbolçuların adlarını çəkərək danışmaq yersizdir. Ən azından bilirik ki, ilin axırına kimi bu futbolçularla yolumuza davam etməliyik. Hansından keyfiyyət ala bilmiriksə, onun başqa yönlərindən bunu istəməliyik. Bizdən öndə gedən komandaların içində də, vuruşmaqla, mübarizə aparmaqla yuxarı pillələrə qalxan klublar var. Gələndə bilirdik ki, bu futbolçularla davam edəcəyik. Əlbəttə ki, elə mövqelər var ki, həmin mövqelərə istədiyim tiplərin olması vacibdir. Çalışacağıq ki, müqaviləm olduğu dövrdə o cür futbolçular olsun. İndiki futbolçulardan maksimum istifadə etmək istəyirik. (Sportal)