![photo](https://www.rekord.az/storage/uploads/4/affa-13.jpg)
Sözümüzün çəkisi...
- 05 Avq 2023 12:00
- 609
UEFA qərarını dəyişmədi və Bakıda 3 avrokubok oyunu eyni gündə baş tutacaq. Başqa vaxt eyni gündə eyni şəhərdə iki avrokubok oyununun keçirilməsini məqbul saymırlar, bizə gələndə üçünü birdən salırlar. Səbəb də göstəriblər ki, rəqiblər səfər proqramlarını öncədən tərtib ediblər. Pis çıxmasın, birincisi, kim nə bilirdi ki, Bakıya gələcək və öncədən plan tuturdu. Cavab oyunlarının nəticələri bilinməlidir ki, sonra səfər planı tutasan.
İkincisi, ona qalsa "Neftçi" də İstanbulla bağlı səfər planı tərtib edib də onu niyə nəzərə almırlar? Guya eyni gündə İstanbulda "Fənərbağça"nın da oyunu olacaq. Heç dəxli var? Eyni gündə Bakıda da "Sabah"ın, "Qarabağ"ın oyunu var, İstanbulda eyni gündə iki oyun keçirmək olmaz, Bakıda üç oyun olar? İstanbulda eyni gündə iki oyunun keçirilməsini istəmirsənsə, götür, "Fənərbağça"nın oyununun yerini dəyiş. Onsuz "Maribor"un təmsil etdiyi şəhərin avrokuboklarda başqa təmsilçisi yoxdur, dəyiş, "Fənərbağça" - "Maribor" olmasın, olsun "Maribor" - "Fənərbağça" "Neftçi"nin oyununun yerini niyə dəyişirsən?
Məncə, bu məsələdə özümüz də hədsiz zəiflik göstərdik. Eyni gündə 3 oyun təşkil eləmək çətin olacaq. Bakı elə də böyük şəhər deyil. Bir oyun Respublika stadionunda "Gənclik" metrosu, digər oyun "Neftçi Arena" Neftçilər metrosu. "Qarabağ"ın Respublika stadionundakı oyunlarına zatən adam çox gəlir və indidən rahat 25 min adam nəzərdə tutaq. "Neftçi Arena"ya da "Beşiktaş" gəlir, oradakı anşlaqı da indində təsəvvür etmək olar. Yəni şəhərin iki mərkəzi metrosu və ətrafı iflic olacaq. Üçüncü oyuna gəlincə, "Partizan" da kifayət qədər adlı-sanlı klubdu və Latviya klubu ilə oyunda "Bank Respublika Arena"ya o qədər adam gəlirsə, "Partizan"la oyunda stadion tam dolacaq. Bu da o deməkdir ki, Bakı-Sumqayıt yolu, "Masazır kruqu" da tıxanacaq. Yenə deyirəm, bu məsələdə zəiflik göstərdik və məncə UEFA-nın üstünə daha çox getsəydik, "Neftçi"nin oyununun yerini dəyişməyə imkan verməyə bilərdik. Belə məsələlərdə söz keçirmək üçün gərək ölkə futbolunun, federsiyanın çəkisi olsun. Görünür ki, sözümüzün çəkisi yoxdur. Səbəb? Çünki bizdə nə söz keçirəcək səviyyədə futbol var, nə də federasiya...
Anar XANLAROV