Sponsordan bol, puldan kasad... YAZI
- 28 Avq 2020 15:00
- 1479
"Sumqayıt"əksəriyyətin gözlədiyi kimi, tarixində ilk dəfə qatıldığı avrokuboklarda elə ilk mərhələdəcə mübarizəni dayandırdı. Rəqib güclü idi? Deməzdim. "Şkendiya" çox rahat şəkildə keçiləcək komanda idi. Dünənki oyun da bunu sübut etdi. Oyundan qol vurmağı bacarmayan makedonlar hər iki qolu penaltidən vurdu. Hansı ki, heç o penaltilərə ehtiyac yox idi. Yəni hansısa uşaq səhvi edilməsəydi, heç o penaltilər də olmazdı. Bunların baş verməməsi üçün normal bir heyət lazım idi. Ayxan Abbasovu qınamıram. Çünki dünənki məğlubiyyətə görə qınanılası ən axırıncı adamdı Ayxan. Hələ ona "sağ ol" demək lazımdır ki, heç kimə lazım olmayan futbolçulardan normal nə isə ortaya çıxardıb mübarizə apardı. İnsaf naminə heç Riad Rəfiyevi də qınamıram. Klub prezidenti olsa da bu məsələdə o da acizdi. Çünki pul olmayandan sonra hansı nomal futbolçu transferindən danışa bilərsən ki? İnanmıram ki, "Keşlə"nin büdcəsinin ən azı yarısı Rəfiyevdə olsa Adam kimi futbolçunu "Sumqayıt"a gətirərdi. Çünki Sumqayıtın öz məhlələrində Adamdan yaxşı futbolçular N qədərdi. Burada qınanılacq tərəf dünən əlini cibinə qoyub şəstlə oyuna baxan Elxan Məmmədovdu. Deyəcəksiniz ki, yenə başladı Elxan Məmmədovu tənqid etməyə. Başqa variant yoxdur axı. "Ulduz" filmində Nəsibə Zeynalova inkubatordan çıxan cücələri yığıb gedir kolkoz sədrinin otağına ki, A1-im yox,B1-im yox, C1-im yox, D1-im də dünən qurtardı. Bunları necə yaratmısan, elə də sahib çıx. İndi "Sumqayıt" da birbaşa Elxan Məmmədovun təfəkkürünün məhsuludur. Guya millinin bazasını formalaşdırmaq, əslində isə ordan-burdan qeyri-azərbaycanlıları gətirib azərbaycanlı adı ilə əvvəl "Sumqayıt"a, sonra da milliyə soxuşdurmaqdan ibarət təfəkkür. Guya baş katib istəsəydi, avrokuboklarda uğurlu çıxış üçün "Sumqayıt"a əlavə 1 milyon büdcə ayırtdıra bilməzdi? Lap gözəl ayırtdırardı. İndiyə qədər boş-boş layihələrə nə qədər pullar ayırılıb. Bəzən "Azərikimya"nı qınayırlar ki, sponsor olduğu kluba transferlər üçün pul ayırmadı. "Azərkimya" kimdi axı? Məgər özbaşınadır? O da AFFA-nın əsas sponsoru olan SOCAR-a məxsus qurumdu. Gərək ona "yuxarı"dan tapşırıq gələ ki, o da icra edə.
"Sumqayıt"ın Avropada oynaması heç vaxt AFFA-nın planında olmayıb. Samir Abbasovun vaxtında komanda buna çox yaxın olsa da sona 3-4 tur qalmış hoqqa çıxardıb süni yolla komandanı dayandırdılar. İnanın ki, pandemiya olmasaydı bu il də elə olacaqdı. Açın statistikaya baxın. Qış fasiləsinə qədər özündən aşağıdakı komandaları qabaqlayıb böyük fərqlə 4-cü pillədə möhkəmlənən "Sumqayıt" qış fasiləsindən sonra yalnız ilk turda "Zirə"ni çətinliklə məğlub edir və pandemiya şəraitinə kimi keçirdiyi bütün oyunları uduzur. Çempionat dayandırılmamışdan bir tur öncə "Qəbələ" kimi aşkar autsayderə 0:5 məğlub olur, nəticədə "Zirə" ilə xallar bərabərləşir,"Sabah", "Səbail" və "Qəbələ" ilə xal fərqi 2-3-ə qədər azalır. Əgər pandemiya söhbəti olmasaydı, "Sumqayıt"ın süni enişi davam edəcəkdi və onlar 4-cü yeri tərk edəcəkdi. Sadəcə, dediyim kimi, pandemiya hər şeyi alt-üst etdi və AFFA-ya alternativ variant imkanı vermədi. Onlar da bunun acığını başqa formada çıxdılar. "Neftçi"yə, "Keşlə"yə yaxşı çıxış, yeni futbolçular, legionerlər üçün vəsait ayırıldığı halda, "Sumqayıt" yetim uşaq kimi küncə qoyuldu. Sanki 4-cü pilləni tutmağın cəzası kimi.
Sponsordan, puldan söz düşmüşkən, diqqətimi çəkən bir məqama da toxunum. Dünənki oyunsonrası mətbuat konfransında baş məşqçilərin əyləşdiyi kürsülərin arxasında vurulan löhvə diqqətimi çəkdi. "Sumqayıt"ın sponsorlarının adları həkk olunmuşdu. İlk baxışdan göz oxşayı: "Azərikimya", "Kontakt Home", "Paşa Həyat", "Universal", "Kapital Bank", "Şeh su". Komandanın düşdüyü duruma baxıb fikirləşirsən: bu qədər sponsoru olan komanda niyə bu gündə olsun? Yəni sənin 6 sponsorun olsun, amma əlində 200-300 min pulun olmasın ki, 2-3 normal futbolçu alasan. Yoxsa bunlar hamısı görüntü üçündür? Uğurlu strategiya, marketinq zad. "Elxan Məmmədov kursu"nda var axı belə şeylər...
Anar XANLAROV