Stupidi non professionisti!
- 30 Avq 2021 14:00
- 831
Yəqin ki, AFFA-nın "işğalı"nda olan Azərbaycan millisinin baş məşqçisi Di Byazinin son açıqlamasından xəbəriniz var. Açıqlama deyil e, əməlli-başlı söyüşdü. Düzdür, çətin ki, bu söyüş AFFA rəhbərliyinə toxuna. İllərdi 10 milyonun söyüşünü həzm edən və qulaq ardına vuranlar indi bir italiyalının söyüşünün dərdini çəkməyəcək ki. Bizim futbol idarəçilərində söyüşə qarşı elə imunitet yaranıb ki, heç koronavirus da təsir edə bilməz.
Bəli, həmin bu di Byazi İtaliyanın "Biancocelesti" telekanalına verdiyi açqlamada yığmanın düşdüyü seçmə qrup mərhələsini dəyərləndirib və deyib ki, əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. Açıq şəkildə deyib ki, ilk iki yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Nöqtəni də belə qoyub ki, biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bundan betər söyüş ola bilər? Bu açıqlama AFFA rəhbərliyinə açıq-aşkar söyüşdü. Yəni sizdən aldığım ətək-ətək pulu elə-belə almışam, sizi avam yerinə qoymuşam, sizi barmağıma dolamışam. Məntiqlə birinə 1 milyon dollar verib qrupda sonuncu yeri tutacaqsansa, bu, o deməkdir ki, həmin adam səni nə yerinə qoymuş olur? Daha orasını demirəm. Bu həm də AFFA rəhbərliyinə qeyri-peşəkar, ağılsız damğası vurmaqdı. Yəni, di Byazi dolayısı ilə AFFA-da oturanları ağılsız qeyri-peşəkarlar adlandırıb.İtaliyanca tərcümədə: Stupidi non professionisti! Əslində burada alçaldılan, söyülən tək AFFA rəhbərliyi deyil. Di Byazi verdiyi açıqlama ilə ilə elə bizim hamımızı, futbol ictimaiyyətini də söyüb. Yəni adam açıq şəkildə mesaj verib ki, məndən əlinizi üzün mən sizə heç bir kömək edə bilməyəcəm, sizin qrupdakı yeriniz də elə sonuncu pillədi. Əgər di Byazi bu açıqlamanı hansısa başqa ölkədə vermiş olsaydı, onu sözün əsl mənasında dar ağacına çəkərdilər ki, əgər yerimiz sonuncudursa, o zaman sənin burda nə işin var və sənə niyə bir ətək pul verməliyik? Sonuncu yeri elə yerli məşqçi də tutar da. Daha doğrusu, sonuncu yer üçün heç məşqçi də lazım deyil. Sənə ona görə o qədər pul verib İtaliyadan bura gətiriblər ki, ciddi dəyişiklik edəsən, ən azı 3-cü yer uğurunda oynayasan. Amma məsələnin digər tərəfi də var. Hamımıza məlumdur ki, bu gün AFFA-da söz sahibi olanların Azərbaycan futbolu, Vətən, bayraq veclərinə deyil. Beynəlxalq oyunlarda qondarma əski parçasını açan ermənilərin hərəkətinə səsis qalan, məsələni ciddi şəkildə araşdırıb UEFA-nı ayağa qaldırmayan, Ermənistan Futbol Federasiyasının və Ermənistan milli komandasının sanksiya almaslna cəd belə etməyən birilərindən Vətən sevgisi gözləməyin də mənası yoxdur. Onlar üçün əsas olan pul qazanmaq, ciblərini və bank hesablarını doldurmaq, öz bizneslərini genişləndirməkdi. Əgər di Byaziyə 1 milyon dollar illik maaş yazılacaqsa və o 1 milyonun 600 mini italiyalya, 400 mini isə onun bura gəlişini təşkil edənlərə çatacaqsa, o zaman problem nədir? Əsas odur ki, büdcədən futbol adına çıxarılan vəsait cibini dolurmaq istəyən hər kəsin cibində öz yerini tapır. Belə olan halda milli qrupda sonuncu oldu, yaxud di Byazi seçmə oyunlar başlamadan bunun anonsunu verdi, nə dəyişəcək? Təbii ki, heç nə. Vaxtı ilə Qurban Qurbanovu millidən kənarlaşdıranlar, bu gün də onun və yaxın dostu Rəşad Sadıqovun ayağının altını qazanlardan bu açıqlamaya görə hansısa adekvat reaksiya da gözləmirəm. Elə 90 faizinin gözü AFFA-nın əlində olan futbol veteranlarının da səsinin çıxacağını gözləmək yersizdir. Çünki bir ölkədə futbol idarəçiliyi bərbadırsa, onu dəyişmək səlahiyyəti ancaq və ancaq futbol ictimaiyyətinin əlindədir. Bu, hansısa nazirlik deyil ki, ölkə prezidenti sərəncam verib onun rəhbərini dəyişə. Futbol ictimaiyyəti ayağa qalxmayana, haqq səsini ucaltmayana qədər futbol dəllalları başımıza hələ çox corab hörəcək.
Bu arada, di Byazi bu açıqlaması ilə həm də qeyri-peşəkar biri olduğunu ortaya qoydu. Azərbaycan futbolunun və futbolçusunun potensialını hamımız bilirik. Biz də bilirik ki, bu potensialla qrupda sonuncu yerə əsas namizədik. Amma istənilən halda, millinin baş məşqçisi postunu tutan adam belə açıqlama verməməlidir. Özü də seçmə mərhələnin startına sayılı günlər qaldığı ərəfədə. Həmin açıqlama açıq-aşkar öz futbolçularına qarşı inamsızlıqdır. Şəxsən mən futbolçu olsam və oxusam ki, baş məşqçim mənim potensialımı sonuncu yerə layiq bilir, hətta Lüksemburqu da məndən üstün sayır, mənən özümü sınmış sayaram. Bu psixologiya ilə də çıxıb Portuqaliya bir yana, Lüksemburq qarşısında da heç nə etmək olmaz. Yeri gəlmişkən, Lüksemburqla oyuna da 2 gün qalıb...
Anar XANLAROV