Stupido signore
- 2023-11-21 11:00
- 333
İtaliya ilə Azərbaycanı oxşar xalqlar kimi təqdim edirlər. Gözümüz açandan Bakı ilə Neapolun oxşar, qardaş şəhərlər olması haqda eşitmişik. Eyni zamanda azərbaycanlılarla italiyanların temperamentli, istiqanlı, enerjili xalq olaraq da bir-birinə çox bənzədiyini deyirlər. Amma de Byazi bütün bu mülahizələri, illərdi formalaşan təzahürları alt-üst edib. Adam (ona adam demək mümkünsə) ölkəmizdə çalışdığı 3 il ərzində bu iki ölkənin münasibətlərinə sanki qəzəb, nifrət toxumu səpdi. Bizi qətiyyən sevmədi. Əksinə, hər ötən gün daha çox nifrət etməyə başladı. Elə düşünməyin ki, onun problemi ancaq jurnalistlərlə bağlıdır. Xeyir, bu qoca sarsaq hələ İsveçlə Bakıdakı oyundan sonra "Bizim Belçika və Avstriyaya qarşı yaxşı oynadığımızı, millidə olan inkişafı görməyənlər gicdi" açıqlamasını verməklə tək jurnalistləri yox, ölkənin futbol ictimaiyyətini, futbol adamlarını, bütün azarkeşlərini təhqir etmişdi. Çünki milli komandadakı problemlər haqda zaman-zaman tək jurnalistlər yox, futbolu az-çox anlayan hər kəs danışmışdı. Demək ki, bu cür insanlar italiyan üçün gic hesab olunur.
Belçikada məhz İsveçlə oyundan sonra əsası qoyulan azğınlığın davamı oldu. Çox adam daha çox Belçika ilə oyundan sonrakı mətbuat konfransında yaşananları müzakirə edir, amma sizə deyim ki, oyundan bir gün öncəki mətbuat konfransında baş verənləri bu hadisənin özəyi saymaq olar. Belə ki, həmin konfransda de Byazi ona sual verən tanınmış idman jurnalisti Mahir Rüstəmlinin cavabını da eyni formada vermişdi. Sual əslində çox normal idi: "Sizə elə gəlmir ki, gələcək taleyiniz Belçika ilə matçda qazanılacaq nəticədən asılı olacaq?". Bu suala kobud cavab verən qoca italiyan ikinci sualı verməyə hazırlaşan Rüstəmliyə "İkinci sual ağıllı sual olsun" replikasını atmışdı. Yəni ki, birinci sualın axmaq sual idi. Elə həmin konfransdan sonra AFFA-nın baş katibi Sərxan Hacıyevə də bu haqda məlumat vermişdim və bildirmişdim ki, de Byazi bütün həddləri aşır. Baş katib də məsələdən xəbərdar olduğunu diqqətimizə çatdırmışdı. Belçika ilə oyundan sonra yaşananlar isə hər kəsə məlumdu. Qoca italiyalı həddinin ən sonuncusunu da aşaraq azərbaycanlı jurnalistlərin özlərini və verdikləri sualları axmaq adlandırıb. Daha sonra isə konfrans zalını yarımçıq tərk edib. Bununla həm də digər ölkədən olan jurnalistlərə qarşı da hörmətsizlik etmiş olub. Onun etdiyi tərbiyəsizliyə görə isə AFFA-nın baş katibi Sərxan Hacıyev Bakıya qayıdan zaman hava limanında jurnalistlərdən üzr istəyib. Halbuki, bu üzrü Hacıyev yox, ilk növbədə azərbaycanlı jurnalistləri axmaq adlandıran, əslində isə özünü axmağın yekəsi kimi aparan de Byazi istəməli idi. Amma qoca sinyor hava limanında da özünü elə aparırdı ki, sanki jurnalistlər yaxınlaşıb ondan üzr istəməlidi. Əslində onun etdikləri aşkar təxribat xarakterlidir. İstəyir ki, onun təhqirinə qarşılıq olaraq, hansısa jurnalist yaxınlaşıb ona əl qaldırsın, fiziki təzyiq göstərsin, bu da bunu vəhşilik, barbarlıq kimi dünya ictimaiyyətinə təqdim etsin. Günah həm də de Byazini Azərbayacana gətirən, onu hər vəhclə millidə saxlayan, bunun üçün səs verib əl qaldıranlardadır.
Bu arada, bəzi insanlar bizi qınayır ki, niyə onun cavabını elə mətbuat konfransında vermədik, konfransda iştirak etmiş biri kimi, qeyd edim ki, de Byazinin məhz həmin sözləri konfrans zamanı azərbaycanlı jurnalistlərə tərcümə olunmadı. Oradakı azərbaycanlı jurnalistlər bunu hava limanına gedən zaman Belçika mətbuatından öyrəndi. Təbii ki, konfran zamanı tərcümə olunsaydı, bunun cavabı da mütləq olacaqdı.
Son olaraq, demək istədiyim nədir? Bu qoca sarsaq millidən qovulmalıdı. Qısa və konkret. Bu hal başqa ölkədə yaşansaydı, o məşqçini 1 dəqiqədə həmin millidə saxlamazdılar. Bizə axmaq deyir, amma axmaq hərəkətin ən böyüyünü özü edir. 3 gün öncə İsveçə qarşı əla oyun nümayiş etdirən Coşqun Diniyevi ehtiyatda saxlayıb zədədən sonra heç öz klubunda düz-əməlli oynamayan Eddi İsrafilova start heyətindı şans verməklə. Hansı ki, həmin Eddi qısa zamanda iki sarı vərəqə alıb meydançadan qovulmaqla qərarın axmaq olduğunu sübut etdik. Hələ biz Höccət Haqverdinin hansı məntiqlə sağ ciah müdafiəçisi kimi oynadılmasından danışmırıq. Əsl axmalıqlar bunlar idi, hansı ki, 0:5-lik biabırçı məğlubiyyətə gətirib çıxardı. De Byazi həm də çox böyük həyasızdır. Həyasız olmasa, Fransanın Cəbəllütariqə 14 top vurnasını bizlərə xatırladıb 0:5-ə bəraət qazandırmaz,, "Belçikanı udmalı istəyirdin?" sualını verməzdi. Heç bir əhəmiyyəti olmayan oyunlarda qazandığı 1-2 qələbəyə görə ona qızıldan heykəl qoymağımızı istəyir. Halbuki, həmin tək-tük qələbələri elə futbolumuzun ac-yalavac vaxtlarında yerli məşqçilərimiz də qazanıb. İsveçrə, Slovakiya, Portuqaliya, Finlandiyaya qarşı qazanılan xalları yerli məşqçilər qazanmışdılar. De Byazi deyir ki, Belçika və Avstriya ilə oyunlar millidə inkişaf olduğiunu göstərir. Stupido signore, (axmaq sinyor) biz vaxtı ilə İsveç, Norveç, Rumıniya və s. komandalara qarşı da yaxşı oynayıb, məğlub olmuşuq. Hətta dövrünün güclü komandalarından olan Avstriyadan evdə xal da almışdıq. Səni bura gətirənlər bunları sənə deməyibsə, bu artıq həmin adamların problemidi. Həm İsveçi məğlub etmisənsə, bu, o demək deyil ki, tərbiyəsizləşməli, ağzınlaşıb boynumuza minməlisən. Bir daha deyirəm, bu tərbiyəsiz qoca rədd olub millidən getməlidir. Bu adam bu ölkədə qalıb bu ölkənin millisində işləyə bilməz.Yəqin ki, AFFA İcraiyyə Komitəsində oturanlar da bunu başa düşəccək. Əgər de Byazinin yenidən millidə qalması haqda qərar verilsə, bu, artıq həmin İK-da oturanların Azərbaycan jurnalistikasına qarşı ən böyük təhqiri olacaq. Bu hal verərəsə, mənə görə özünə hörmət edən jurnalist de Byazinin mətbuat konfranslarına getməməlidir.
Anar XANLAROV