Vaxtilə Azərbaycanın istedalı hakimlərindən sayılan, zəngin premyer-liqa təcrübəsi olan Rəhim Həsənov 38 yaşında karyerasını başa vurdu.

Rekord.az xəbər verir ki, uzun müddətdi səssizliyini qoruyan sabiq FİFA referisi bu yaxınlarda verdiyi müsahibə ilə futbol gündəmini dəyişdi. O, Hakimlər Komitəsinin sədri Frits Stuxlik haqda çox maraqlı iddia səsləndirib:
 

“İnkişaf üçün zaman lazımdı. İndi hər şeyi neqativə bağlamaq olmaz. Müsbət və mənfi cəhətlər var. Adam var ki, komitədən ayrılandan sonra başlayır ancaq neqativ danışmağa. Müsbət məqamlar da var. Ən xoşuma gələn hal o oldu ki, hakimlərlə müqavilə bağlandı. Yəni, onların başqa işlərlə yox, sırf hakimliklə məşğul olması yaxşı yanaşmadı. İnkişaf üçün addımdı. Amma bəzi mənfi məqamlar var. Məsələn, hakimlər oyunlarda hansısa səhvlər buraxanda Stuxlik deyirdi ki, “yaxşı etmisiz. Səhvlər edin ki, VAR gəlsin”. Bu, çox düşüncəsiz sözdü. Vallah, anlaya bilmirəm. Sən səhvə yol verib kiminisə haqqını yeyənlərə deyirsən ki, “düz etmisən, VAR gələcək”. Çox gülüncdü. Başqa ölkələrdə kimsə belə desə, heç çantasını yığmağa imkan verməzlər, dərhal qovarlar”.



Məsələ ilə bağlı AFFA Hakimlər Komitəsinin mövqeyini öyrənmək istədik. Qurumun rəhbəri Frits Stuxlik bununla bağlı hansısa açıqlama vermək istəmədiyini dilə gətirdi:
 

“Hakimlər Komitəsi olaraq bu mövzuya münasibət bildirmək istəmirik”. ("Futbol plus")