"Sumqayıt" Futbol Akademiyasında yeni təyinatlar gerçəkləşib.

Rekord.az xəbər verir ki, uzun müddətdir akademiyada çalışan və gənc olmasına baxmayaraq, yuxarı komandalara xeyli uşaq yetişdirən Orxan Abdullayev U-8 komandasına baş məşqçi təyin olunub.

Bu günə qədər akademiyanın "Təməl Qrupu"nda çalışmış və bu müddətdə özünü yaxşı tərəfdən göstərən, xeyli uşağın üzə çıxmasında pay sahibi olan Məhəmməd Alıyev isə U-9 komandasının baş məşqçisi olub.

Nəhayət, U-10 komandasına isə ötənlərin tanınmış futbolçusu, "Ziko" ləqəbli Zahir Əsgərov baş məşqçi təyin olunub. Məhz "Ziko"nun bu posta təyinatı xüsusi alqışlanmalıdır. Təəssüf ki, bizdə əksər tanınmış futbolçular ilk növbədə böyük futbola baxır, uşaq futbolunda çalışmağa səy göstərmir. Bu mənada Əsgərov kimi tanınmış və təcrübəli birinin U-10 komandasına təyinatı müsbət məqamdı və akademiya bu təyinatın müsbət faydasını görəcək.