Koronavirus pandemiyası səbəbindən Azərbaycanın futbol üzrə uşaq liqaları vaxtından əvvəl, yarımçıq başa çatdırıldı. Pley-off sistemi ilə keçirilməyən turnirlərdə hazırda ilk pillədə olan komandalar qalib elan edildi.

Rekord.az xəbər verir ki, futbol şəhəri olan "Sumqayıt" bu dəfə də ciddi nəticə ortaya qoya bilmədi.

Baxmayaraq ki, mövsümün əvvəlində akademiyaya Almaniyadan türk Hakan Sunal rəhbər gətirildi və onun üçün yerli məşqçilərə yaradılmayan şərait yaradıldı. Bununla belə, akademiyanın komandaları zirvəyə yüksələ bilmədi. Yalnız akademiyanın U-9 komandası çıxış etrdiyi Şimal zonasında bütün rəqiblərini iki baş üstələyərək və bütün oyunları qalib başa vuraraq zirvədə möhkəmlənə bildi. Orxan Abdullayevin komandası maksimal nəticə ilə cari mövsüm akademiya komandaları arasında ən yaxşı nəticəni göstərdi. Nəzərə alsaq ki, "Sumqayıt"ın gələcəyi və bünövrəsi hazırkı bu uşaqlar sayılır, o zaman onların uğurlu çıxışı ikiqat sevinc doğurmalıdır. Demək ki, təməl düzgün qoyulub.