"Sumqayıt haqqında internetdə axtarış verəndə, qarşıma çıxan ilk məlumatdan şoka düşdüm" MÜSAHİBƏ + FOTOLAR
- 16 Yan 2024 17:00
- 1166
"Sumqayıt" Futbol Akademiyasının baş direktoru Hakan Sunal Rekord.az-a geniş müsahibə verib:
- 2023-cü ili "Sumqayıt" Futbol Akademiyası üçün necə dəyərləndirmək olar?
- 2019-da "Sumqayıt"a gəldim, sonra pandemiya yarandı, uzun müddət futbolda fasilə yarandı. Bu mənada 2023-cü ili buradakı üçüncü mövsümümüz saymaq olar. Hər ötən il inkişaf olduğunu görmək olar. Bu inkişaf nələrdən ibarətdir? İlk növbədə akademiyada işçi sayını artırdıq, kollektivə video təhlillər aparan mütəxəssisləri cəlb etdik, onlar üçün yeni avadanlıqlar aldıq, qısacası, daha çox individuallaşmaya getdik. Bütün bunlar futbolçuların fərdi keyfiyyətlərini qaldırmaq üçün edildi. Məncə, 2023-cü ilin nəticələrinə baxsaq, bunun faydalarını görmüş olarıq. Bu mövsümdən U-8 və U-9 komandalarımızı Bakı zonasına saldıq ki, orada daha güclü komandalarla oynayınlar. Bundan başqa, U-9-dan U-14-ə qədər bütün yaş qruplarının "B" komandalarını da yaratdıq, onlar da ayrıca çempionata qatıldılar. Hətta U-14 yaş qrupumuzun həm "A" həm də "B" komandaları Bakı zonasında çıxış edir. Sadəcə, "B" komandamız "Ərgünəş" adı ilə oynayır. "B" komandalarını yaratmaqda da əsas məqsədimiz odur ki, ilkin mərhələdə "A"-a düşə bilməyənlər, futbolu atmasınlar, futbola davam etsinlər, bəlkə bir neçə ildən sonra potensiallarını açıb daha yaxşı oyun ortaya qoya bilərlər. Bütün bu görülən işlərdən sonra hazırda akademiyamızda uşaq sayı 327 nəfərə qədər artıb. Halbuki mən gələndə bu say 182 idi. Onu da deyim ki, bizim akademiyda fəaliyyət göstərən "Təməl Qrup"a 4 yaşından etibarən uşaqlar qəbul olunur. Mən bura qız komandalarımızı da əlavə edərdim, U-14 qız komandasını yaratdıq, U-17 var. Bunları da saysaq, uşaq sayımız 380-ə qədər gedib çıxır.
- Siz gələndə akademiyada məşqçi sayı nə qədər idi, hazırda nə qədərdi?
- Mən gələndə say aşağı-yuxarı 17-18 nəfər idi. Hazırda isə akademiyamızda ümumi işçi sayı 52 nəfərdən çoxdu. Bura texniki işçiləri, video-analizçiləri də əlavə edirəm.
- 2024-cü il üçün hansı planlarınız, layihələriniz var? Bildiyimiz kimi, türk olsanız da Almaniyada yaşayırsınız, uzun illərdi orada işləyirsiniz. Maraqlıdır, Almaniya futbolundakı hansı modeli burada tətbiq etmək olar?
- Skaut işini inkişaf etdirmək istəyirik. Bu günə qədər Sumqayıtda fəaliyyət göstərən bütün futbol məktəbləri ilə əməkdaşlıq edirik. Yeni ildən bu əlaqələri şəhər xaricinə çıxarmaq istəyirik. Artıq "Metax"la əməkdaşlığa başlamışıq. Düzdür, hələ rəmsləşməyib, amma buna doğru gedirik. Bundan başqa, araşdırma apardıq və məlum oldu ki. Qaraçuxur Bakının əhali sayı çox olan qəsəbələrindən olsa da, orada futbol məktəbi yoxdur. Ona görə bir məktəb də orada açmağı düşünürük. Bildiyiniz kimi, noyabrda iki komandamız Qətərdə beynəlxalq turnirdə çıxış etdi. İstəyirik ki, mart-apreldə yenə ölkə xaricində hansısa yarışa yollanaq. Həmçinin özümüz də burada yaxşı bir turnir təşkil etmək istəyirik. Ötən il "bort futbol"u təşkil etdik, bu il də bunu etməyi planlaşdırırıq. Burada tək Sumqayıt yox, bölgə komandalarımız da çıxış edir. Gələcəkdə bu turniri beynəlxalq turnirə çevirmək, ölkə xaricindən də komandalar cəlb etmək istəyirik. Məsələn Almaniyada qışda demək olar bütün komandalar bu turnirdə iştirak edir. Noyabrdan, marta kimi.
- "Bort futbol" nədir, bəlkə bunu bir qədər də geniş açıqlayaq...
- Burada bir qapıçı, dörd sahə oyunçusu olur, oyunlar qapalı məkanlarda keçirilir, bir qayda olaraq, taxta, parket üzərində. Biz də bu üzdən yarışımızı Sumqayıt Olimpiya İdman Kompleksində təşkil etməyi düşünürük. Çox dinamik oyundur, 12 dəqiqə davam edir, top yalnız oyunda olan zaman vaxt hesablanır,əvəzləmə sayında limit yoxdur, həmçinin oyundankənar vəziyyət də yoxdur. Futzal deyil, amma gələcəkdə böyük futbolda uğur qazanmaq baxımından çox faydalı oyundur. Çünki dediyim kimi,çox dinamik, sürətli oyundur. Üstəlik, meydança kiçik olsa da, qapılar daha böyük olur. Bu da o deməkdir ki, qol sayı çox olur, bəzən 2-3 dəq oynayan uşaq da qol vura bilir ki, bu da motivasiya cəhətdən çox mühüm amildi. Düşünürəm ki, "bort futbolu" Azərbaycanda yaymaq lazımdır. İdman zallarımız, olimpiya idman komplekslərimiz də çox olduğu üçün bunu yaymaq üçün münbit şərait var. Almaniyadalı şəxsi praktikamdan bu qənaətə gəlirəm. Mən "Ayntraxt"da işlədiyim dönəmdə yayda komandanı qəbul edirdik, qışda bort-futbol turnirlərində oynayırdıq,martdan sonra böyük meydançaya qayıdanda bunun inanılmaz faydalarını görürdük. Çünki ordakı sürət, dinamika, çeviklik, böyük futbolçu kimi yetişməyində böyük rol oynayır. Bu gün Almaniya futboluan baxsaq Timo Verner, Niklas Şüle və digərləri məhz bort-futboldan çıxanlardı. Almaniyada u-9-dan tutmuş, U-19-a kimi bütün komandalar oynayır.
- Bunu bir təklif kimi, layihə kimi AFFA-ya təklif etməyi düşünmürsünüz?
- Biz bunu keçən il Qusarda təşkil edədə orada AFFA-da kütləvi futbol departamentinə rəhbərlik edən Fərrux İsmayılov da orada idi və çox xoşuna gəldi. Bu il yenidən həmin yarışı təşkil edib bütün Premyer Liqa komandalarını dəvət etmək istəyirik. 11-12-13-14 yaşlı uşaqlar arasında. Yanvarın sonları üçün düşünürük. 8 komanda olsa, iki qrupa bölünəcəklər. Qrupda ilk iki yeri tutanlar yarımfinal oynayacaq, qaliblər final, məğlublar 3-cü yerin sahibini müəyyən edəcək. Qaliblər üçün mükafatlar, diplomlar da fikirləşmişik. Bombardirə, ən yaxşı qapıçıya, futbolçuya da hədiyyələr fikirləşmişik. Sponsor tapa bilsək, lap əla olar. turnirin miqyasını daha da genişləndirmək olar. Onu da deyim ki, bu tip turnirləri futbol federasiyaları təkil etmir. Almaniyada hər komanda özü belə bir turnir təşkil edə bilər. Həm də bundan pul qazanırlar. Tək Almaniyada yox, İsveçrədə, Niderlandda da bu cür turnirlər keçirilir. "Barselona", "Mançester Siti" və digər Avropa nəhəngləri də bu turnirlərdə iştirak edir.
- "Sumqayıt" Futbol Akademiyasının son dönəmlər nəticələri yaxşılaşır. Ən azı bir neçə komanda var ki, öz yaş qrupunda liderlər qrupundadı. Amma çempionluq qazanmaq hələ də sanki çətin görünür. Çempionluğa nə mane olur?
- Öncə ondan başlayım ki, artıq çempionumuz var. İki il öncə Azad Mütəllimovun rəhbərlik etdiyi U-13 komandası öz yaş qrupunda Azərbaycan çempionu oldu. Bundan başqa, ötən mövsüm ikinciliyimiz və üçüncülüyümüz oldu. Futbol hardan baxsanız bir nəticə oyunudur.
- Amma əksər məşqçilər "uşaq futbolunda nəticə əsas deyil. əsas futbolçu yetişdirməkdi" deyir. Açığı, şəxsən mən bunu səmimi qəbul etmirəm. Sanki özünüsığorta kimi deyilmiş ifadədir. Sən çıx bütün oyunları uduz ki, nəticə önəmli deyil, hər oyun uduzan uşaqdan necə yaxşı futbolçu olacaq?
- Xeyr, hər nə qədər dildə deməsən də, hər kəs meydançaya qələbə qazanmaq üçün çıxır. Yəni "nəticə önəmli deyil" bir az düz çıxmır. Bəli, aşağı yaş qrupları üçün nəticəni mən də nəzərə almıram. Bu mənada AFFA çox düzgün addım atdı ki, U-8-dən U-12-ə kimi bütün yaş qruplarında nəticələri ləğv etdi. Yəni hesab, turnir cədvəli yoxdur. Amma U-13-dən etibarən nəticələr hesablanır. Bilirsiniz, heç bir futbolçu uduzmaq istəmir və məğlubiyyəti də qəbul etmək istəməz. İstəməz ki, məğlub ruhda böyüsün. Amma mənim üçün nəticədən daha önəmli olan nəticəyə gələn yoldu. Siz yaxşı işləyirsinizsə, düzgün işləyirsinizsə, nəticə özü gələcək. Şəxsən bizdə belədi. Mən akademiyanın heç bir məşqçisinin qarşısında konkret tələb qoymuram ki, sən mütləq çempion olmalısan, sən ikinci, sən üçüncü olmalısan. Nə nəticə qazanmışıqsa, düzgün qurulan işin gətirdiyi nətcədir. Çempionluq niyə yoxdur, buna bir az zaman lazımdır. Bu gün baxsaq, U-14 komandamız 2-ci pillədədir. U-15 3-cü, U-16 3-cü, U-17 1-ci yerdə qərarlaşıb. Bu dörd komanda gələcək illərdə də yuxarı yerlərə oynayacaq. Təbii burda bir az şans məsələsi də var. Məsələn, keçən mövsüm U-16 komandamız çempionluğu az fərqlə əldən verdi. Bir də yanaşma, fəlsəfə var. Elə klubar var ki, gedib kənardan yaxşı oyunçular gətirib nəticə qazanır. Bizdə isə 90 faiz sumqayıtlı uşaqlardı. Əgər bizim komandalarımız ilk "üçlük"də qərarlaşıbsa, bunu uğurlu nəticə sayıram. Bir də bir şeyi də qeyd etmək istəyrəm. Ötən mövsüm bizim U-14 komandamız heç bir oyunda uduzmadan. cəmi bir heç-heçə ilə 1-ci yeri tutur. Amma yenidən 7 komanda arasında pley-off mərhələsi keçirirlər və orda da iki dəfə udduğu komandaya üçüncü dəfə uduzaraq mübarizəni dayandırır. Bu formatı düzgün qəbul etmirəm. Bu komandalarla 3 dövrə oynamışıq, hamısına da qalib gəlmişik. Təzədən pley-off da eyni komandalarla oynamağın nə mənası var? Başa düşürəm, pley-off-da bölgə komandaları da qoşulur. Naxçıvan, Qəbələ, Gəncə, amma bunun başqa yolu da var. Hər kəs öz zonasında 1-ci olubsa, bunları çempion kimi elan etsinlər. Pley-off-un yerinə isə eyni komandalar arasında kubok yarışı keçirsinlər. Azərbaycanda bilmirəm aşağı yaş qruplarında kubok var, ya yox, amma Almaniyada bu var.
- Az öncə çempionluq məsələsini niyə xüsusi qabartdım? Siz 2019-dan gəlmisiniz, təbii ki, Sumqayıt futbolu, onun ənənələri haqda məlumat toplamısınız. Əlavə məlumat olaraq mən də onu deyim ki, bir vaxtlar bu şəhərin uşaq komandaları ölkə çempionatında 4-cü olanda uğursuzluq hesab olunurdu. Sumqayıt komandaları uşaq futbolunda bir qayda olaraq çempion olurdular. Halbuki o vaxtlar indiki şərait yox idi, rəhmətlik Tofiq Rzayev, hazırda da sizin akademiyada çalışan Ağamusa Bağırov çox ağır şərtlər altında çempionluqlar qazanırdılar, milli səviyyəsində futbolçular yetişdirirdilər.
- Tamam, sualı anladım. O zaman mən də sizə bir sual verim. Çempionluq daha önəmlidir. yoxsa əsas komandaya daha çox uşağın verilməsi?
- Sumqayıt futbolu üzərindən bu sualı cavablandırmağımı istəyirsinizsə, burada uşaq futbolunda hə nəticə olub, həm də əsas komandaya futbolçu verilib. Tək əsas komandaya yox, milli komandaya da. Hətta maddi sıxıntı ucbatından bir dönə yüksək liqada Sumqayıtın komandası olmayıb, amma Sumqayıt futbolunun yetirmələri ölkənin ən iddialı klublarında oynayıb. Sualımın məğzi odur ki, həm nəticə qazanan. həm də əsas komandaya futbolçu verən sistemi yenidən bərpa etmək olmazmı?
- 2019-cu ildə bura gələndə mənə verilən ilk məlumat bu oldu ki, Sumqayıt futbol şəhəridi. Həqiqətən də burada olduğum 3-4 il müddətində bunu görmüşəm. Vaxtı ilə burdan böyük futbolçuların çıxdığını da öyrənmişəm. Həmçinin onu da bilirəm ki, 2010-cu ildən mənim gəlişimə kimi ciddi nəticələr də olmayıb. Amma şəhərin futbol potensialı var. Eyni zamanda futbola həvəs, azarkeş kütləsi, medianın da xüsusi marağı var. Ona görə bayaq dedim ki, əgər sistemi düzgün qursaq, bunun meyvəsini mütləq görəcəyik. Bu, bir az zaman alacaq. Məsələn bu gün bizdə 4-5 yaşından uşaqlar futbola qəbul olunur. O uşaqlar indidən düzgün sistemlə yetişdirilsə, 10-15 il sonra tamam fərqli futbolçular olacaqlar. Ümumiyyətlə, futbol akademiyası elə bir iş sistemidir ki, onu 1-2 ilə dəyərləndirmək olmaz. Bunun üçün 10-15 il vaxt lazımdı. Amma bu gün klubun öz akademiyasından çıxmış Nihat Əhmədzadə, Sənan Muradlı, Vüsal Paşayev kimi gənclərin əsas komandaya cəlb olunması, eləcə də əvəzedici komandada yer alan futbolçuların 80-90 faizinin sumqayıtlı olması, son 2-3 ildə görülən işlərin nəticəsidir. Bu iş bu cür davam edərsə gələcəkdə hər şey daha yaxşı olacaq. Bu gün U-14 komandamızda yer alan futbolçular mən bura yeni gələndə U-10 komandasının üzvləri idi. Demək ki, 4 ildir eyni sistemlə oynayırlar və bu akademiyanı bir fabrik hesab etsək, 3-4 ildən sonra həmin bu uşaqlar bizim ilk məhsullarımız olacaq.
- Bu gün milli komandalarda akademiyanızın neçə futbolçusu forma geyinir və potensiallarlı necədir?
- Son olaraq Avropa çempionatında U-17-nın heyətində Vüsal Musayev və Nadir Orucov forma geyindi. Hər ikisində də böyük potensial görürük. U-19 millisində qapıçımız Xəyal var. Ümumi götürsək, yəni təlim-məşq toplanışlarını da nəzərə alsaq, 18-19 futbolçumuz milli komandaların məşqlərinə qatılıb.
- U-19 və əvəzedici komandaların zəif çıxışını nə ilə izah edərdiniz? Maraqlıdır ki, hər iki komandaya Vaqif Cavadov rəhbərlik edir. Niyə iki komandaya rəhbərliyi bir məşqçiyə tapşırmısınız?
- Razıyam, U-19 və əvəzedicilərimizin nəticələri elə də ürəkaçan deyil. Amma bunun da bəzi səbəbləri var. Biz bu ildən bu iki komandanı birləşdirməyə qərar verdik. 31 nəfərlik heyət formalaşdırdıq, eyni gündə, eyni saatda bir komanda kimi məşqə çıxırlar. Yalnız çempionat oyunlarında hərəsi öz liqasında oynayır. Bu səbəbdən hər ikisinə də rəhbərliyi Vaqif Cavadova tapşırdıq. Azərbaycanda yeni sistemdə. Bu 31 futbolçu həm U-19 liqasında, həm də əvəzedicilərin çempionatında fporçma geyinə bilər. Kimlər hansı həftə hansı liqada oynayacaq, buna baş məşqçi qərar verir. Yeni sistem olduğu üçün zamana ehtiyacı var. Bundan başqa, U-19-un zəif çıxışında əsgərlik məsələsi də təsirini göstərir. Məsələn, bu qış yenə bir neçə futbolçumuz hərbi xidmətə yollandı.
- Azərbaycanda bir ilk dediniz. Ola bilər ki, özünü doğrultmasa, gələn il bu komandaları yenidən ayırasınız?
- Ola bilər. Onsuz belə bir fikir gündəmimizdə var. Çünki hazırda 2007-ci il təvəllüdlü futbolçularımız əla formadadır, 3 ildir ki, ardıcıl olaraq yaxşı nəticə göstərirlər. Bu cür davam etsələr U-19 liqasında da böyük uğur qazana biləcəklər. Bu mənada onları ayrı olaraq U-19 liqasında oynatmaq istəyirik.
- Məncə, bizdə əsas problemlərdən biri də uşaq komandalarının çox olması və hər birinin ayrıca baş məşqçisinin olmasıdır. Avropada belə, bu qədər yaş qrupları yoxdur. Olmaz ki, iki yaş qrupunu birləşdirib eyni məşqçiyə tapşırasınız? Məsələn, az öncə U-19-əvəzedici komanda haqda dediyinizi aşağı yaş qruplarımda tətbiq edəsiniz. Çünki bu haqda da çox eşitmişik ki, bu il bu qrup yaxşı nəticə göstərir, amma gələn il məşqçi onu başqa məşqçiyə təhvil verir və həmin uşaqlar o məşqçidə itib-batır. Amma iki yaş qrupunu eyni məşqçiyə versəniz, bəlkə də daha effektli olar.
- Biz onüsuz da bu sistemlə işləyirik. Təməl qrupdan U-12 komandasına qədər demək olar ki, eyni məşqçilər işləyir. Yəni qrup şəklində. Yalnız U-13-dən sonra hər yaş qrupunun öz məşqçisi olur. Düşünürəm ki, bu daha məqsədəuyğundu. Çünki 13-14-15 yaş futbolçunun qızıl dövrüdür və bu dövrdə eyni məşqçi ilə işləməkdənsə, fərqli məşqçilərlə işləyib, hərəsindən fərqli nə isə götürmək daha yaxşı olar. Həm bir şey də deyim ki, bizdə onsuz da kollektiv sistemdi. Hər komandanın baş məşqçisi sənəd üzərində ayrı olsa da, iş kollektiv işdi. Məsələn, U-10-un baş məşqçisi gedib U-17-nin oyununa baxa bilər, U-17-nin baş məşqçisi U-14-ün oyunlarını izləyə bilər, yəni bütün məşqçilər bütün komandaları, bütün futbolçuları çox yaxşı tanıyır.
- 4 ilə yaxındır Azərbaycanda çalışırsınız. Sizcə, Azərbaycanda uşaq futbolunun əsas problemi nədir?
- İlk növbədə infrastruktur. Bu gün baxsaq ki, hansı meydançalarda futbol oynayırıq, çox yazıq. Məsələn, Hövsandakı meydança. Kompleks görüntü olaraq, çox gözəl. Amma meydançaya ayaq basırsan, betonun üzərində futbol oynayırsan. Təsəvvür edin, uşaqların sağlamlığına, əzələlərinə nə qədər ziyandı. Hələ onu da təsəvvür edin ki, bütün oyunlar o meydançada keçirilir. Belə şey olar? Demək ki, infrastruktur yoxdur. Sumqayıtı götürək. Şəhər çempionatı, əlavə Abşeron zonasının oyunları bizim meydançada keçirilir. AFFA da bu mövsümdən bütün oyunları həftə sonuna təyin edib. İndi biz neyləməliyik, U-9-dan U-14-ə kimi bütün yaş qruplarının oyunlarını bir meydançada keçirməliyik. Bu da bizim üçün böyük sıxıntı yaradır. Amma Sumqayıtda başqa meydançalar da olsa, belə sıxıntı yaşanmaz. İkinci bir problem məşqçilərin savadı. Çoxusu gələcəyi haqda düşünmür. Bu gün nədir, ona qane olurlar. Məsələn, mənim akademiyamın deyək ki, U-17 komandasına rəhbərlik edən məşqçi düşünməlidir ki, savadımı, iddiamı daha da artırım və gələcəkdə I liqada çalışım. Yaxud, U-13-ün baş məşqçisi bu gün fikirləşməlidir ki, necə eləyim ki, 5-6 ildən sonra ən azı əvəzedici komandada baş məşqçi kimi işləyə bilim. Bax bunları görmürəm. Hamısı bu günlə yaşayır.
- Təşkilatçılıq necədi?
- Reqlamentdə, formatda müəyyən dəyişikliklər olsa, yaxşı olar. Bəlkə də qış fasiləsini qısaltmaq olar. Yaxud, az öncə də dediyim kimi, araya kubok oyunları təyin oluna bilər. Bu ildən U-8 liqası təşkil olunub, oyunlar da BOS-da keçirilir, çox super. Bir qapıçı dörd sahə oyunçusu olmaqla oyunlar keçirilir. Düşünürəm ki, bunu 6 yaşlı uşaqlar arasında da təşkil etmək olar. Onların oyunlarını da 3/3-ə təşkil etmək olar. Avropada olduğu kimi. Amma təbii ki, bu zaman komanda sayının yetərli olması da şərtdir. Bu gün U-8 liqasında cəmi 5 Premyer Liqa komandası çıxış edir. Qalanları niyə iştirak etmir? Düşündürücü sualdı.
- "Sumqayıt" Futbol Akademiyasına məşqçilər hansı meyara əsasən qəbul olunur?
- İlk növbədə fərdi olaraq söhbət edirik, daha sonra bir müddət məşq keçməsinə şərait yaradırıq, kənardan müşahidə edirik, daha sonra qərar veririk ki, bizə lazımdı, ya yox.
- Kateqoriyası önəmlidir?
- Mənim üçün ilk növbədə futbolçuya yanaşması önəmlidir. Məsələn. bizim "Təməl qrup"da məşqçilərimiz var: Orxan müəllim, Məhəmməd müəllim, Kamran müəllim, Xaqani müəllim, yəni onlar sanki bu işin peşəkarlarıdır. Kiçik yaşlı uşaqlara enə yanaşırlar, onlarla elə formada işləyirlər ki, əsl peşəkar kimi. Halbuki 4-5 yaşlı uşaqlarla işləmək çox çətindi. Məşqçi gərək uşaqdan qaçmasın, onu özünə doğmalaşdırsın. Yəni əsas insanlıqdı, kollektivə uyğun olmalıdır. Kateqoriya, məşqçilik savadını biz ona öyrədərik. Amma insanlığı öyrədə bilmərik.
- Akademiyanızda 380-ə yaxın uşağın futbolla məşğul olduğunu dediniz. Mən özüm də tez-tez həmin uşaqların məşqlərini izləyirəm. Bəzən kiçik bir meydançada məşqçi 25 uşağa məşq keçir. Bu məşq nə dərəcədə effektli ola bilər? Bu problemi necə həıll etməyi düşünürsünüz?
- Mən Frankfurtdan gəlmişəm. Orada bir mikrorayon götürsək, həmin mikrorayonda olan meydanşaların sayı bəlkə də bütün Sumqayıtda olan meydançaların sayından çoxdur. Problemin biri bu. Kənardan futbolu dərindən bilməyən adamlar üçün hər şey əla görünür. Gözəl baza, bu qədər meydança, təbii ot süni örtük və s. Lakin futbolun içində olan insanlar bilir ki, sənin tək əsas komandana iki təbii örtüklü meydança lazımdı. Biz ora girə bilmərik. Qalan meydançalar da standard olan var, qeyri-standard olanı var. Bu qədər komanda sayını da nəzərə alsaq, həftə sonu bir yarışı keçirmək üçün əlində cəmi bir meydança olur. Sumqayıtın yarım milyon əhalisi var. Amma təəssüf ki, bu boyda şəhərdə yetəri qədə meydança, futbol infrastrukturu yoxdur. Şəxsən gəzmişəm, maraqlanmışam. "İnşaatçı" stadionu var, baza olaraq əla. Saunası, hovuzu belə var. Köhnədi, amma var. Bizim rəhbərliklə də danışmışdım ki, ora bir az əl gəzdirib bazaya çevirmək olar. Amma bu, tək klubun görəcəyi iş də deyil. İdman nazirliyi, şəhər rəhbərliyi hamılıqla əl-ələ verib bunu etməliyik. Bir ara AFFA-dan da gəlib ora baxdılar, amma sonradan bir səs-soraq olmadı. Daha sonra Olimpiya İdman Kompleksində bir süni örtüklü meydança var, o da bərbad vəziyyətdədir. Sizə bir söz də deyim, "Kapital Bank Arena"nın özünün tikintisində ciddi səhvə yol verilib. Ehtiyat meydança üzü dənizə doğru, üfüqü istiqamətdə salınıb. İkinci standard süni örtüklü meydança isə şauqili istiqamətdə salınıb. Onun yanında isə qeyri-standard 3 kiçik meydança Halbuki üzü dənizə doğru üfüqü istiqamətdə standardlara uyğun 3 böyük meydança salmaq olardı və elə olsaydı, bizim bu gün meydança sıxıntımız da olmazdı. Artıq salınıb, edəcək bir şey yoxdur, baxırıq əlavə olaraq nə edə bilərik, stadion ərazisində hansı yerdə nə fikirləşmək olar. Maşın dayanacağından tutmuş, kiçik qum meydançaya qədər hər şeyi təhlil etmişik. Əsas komanda Mehdi Hüseynzadə adına stadiona köçəndən sonra ehtiyat təbii örtüyü süniyə çevirməklə də vəziyyətdən çıxa bilərik.
- Süni deyəndə mənim ən yaralı yerimə toxundunuz. Baxıram yenə çıxış yolu kimi, təbii örtüklü meydançanı süniyə çevirməyi görürsünüz. Bəs o sünidə nə qədər uşağın zədələnəcəyini, zərər görəcəyini düşünmürsünüz?
- Mən sizə bir söz deyim. Şəxsən məndən olsa, bütün meydançalar təbii örtük olar. Mən də bunun tərəfdarıyam. Amma bəzən şərtlər fərqli olur. Amma mən sizə deyim, süni örtükdən Avropada da istifadə edirlər. Mən biz uşaq vaxtı Frankfurtda qum meydançalarda futbol oynayırdıq. Sonradan həmin meydançaların hamısını süni örtük etdilər. Orda da uşaqlar daha çox sünidə oynayır. Amma 17 yaşdan sonra bütün oyunlar təbii örtükdə keçirilir. O ki qaldı zədələrə, bu, daha çox yerdəyişmə ilə bağlı olur. Bunu sırf süniya bağlamaq doğru deyil. Bunu mən özümdən demirəm isveçrəli mütəxəssis Fredi Şmit var burda bizim də qonağımız olmuşdu, bununla bağlı ciddi təhlillər aparmışdı ki, kim davamlı süni örtükdə məşq edirsə. onun zədə problemi olmur. Amma bir gün süni örtükdə məşq et, sabah təbii örtükdə, o problem yaradır. Bu gün araşdırın, hansı komanda bu cür yerdəyişmələr edir, ən çox zədələr də o komandalarda olur.
- Diqqətimi çəkən bir məqam da akademiyanızın azyaşlı uşaqlarının tez-tez fitnes məşqlərinə cəlb olunmasıdır ki, bu da birmənalı qarşılana bilməz. 6-7 yaşlı uşağa trenajor zalında nə məşq keçilə bilər? Yoxsa bu addımı meydança qıtlığı səbəbindən. məcburi olaraq atırsınız?
- Çox yaxşı mövzuya toxundunuz. Tam olaraq meydança qıtlığını səbəb kimi göstərməzdim. Düzdür, bunun da təsiri var. Çünki bəzi günlərdə uşaq həddindən artıq çox olur və meydança çatışmamazlığı səbəbindən bir qrup uşağı fitness zalına göndəririk. Bunu da növbəli şəkildə edirik. Amma sizə deyim ki, meydança ilə bağlı problem olmasa belə, azyaşlı futbolçular üçün də fitness məşqləri lazımdı. Avropada da bundan istifadə olunur. Uşaqlara hətta güləş, boks məşqləri də keçilir. Sual oluna bilər ki, futbol hara, güləş hara? Hətta bir dəfə klubumuzun prezidenti Riad Rəfiyev də məni çağırıb demişdi ki, balaca uşaqlar fitness zalında güləşir, bura futbol komandasıdı, yoxsa güləş? Amma dərindən təhlil etsək, bunların futbolçuya böyük faydası var. Çünki futbol kontakt oyunudur, meydançada ikili mübarizələr gedir, sən yıxıla, müvazinətini itirə bilərsən. Hər kəs bilir ki, güləşçilər cəld, çevik olur. Əgər futbolçulara da uşaq yaşlarından güləş fənlərini öyrətsən, onlar oyun zamanı ikili mübarizədə yıxılarkən tez özünü tarazlayıb ayağa qalxmağı bacaracaq. Eləcə də boks, həmçinin yoqa. Mən Almaniyada işləyəndə İngiltərəyə getmişdik, orada "Aston Villa"nın bazasında olduq. Orada ayrıca bir zalı sırf boks üçün ayırmışdılar. Əvvəl elə bildik ki, klubun boks komandası üçündü. Lakin bizə dedilər ki, bu zal və məşqçi sırf futbolçular üçündü. Çünki boksda olan bir sıra xüsusiyyətlər futbolda ciddi şəkildə işə yarayır. Mən ilk dəfə burara yoqa göstərəndə mənə gülürdülər. Halbuki yoqa çox dərin bir fəlsəfədir. Bizim güldüyümüz yoqa üçün Ronaldo böyük pullar verib özünə məşqçi tutur.
- Bir mövzuya da toxunaq. Akademiyanızda pullu qruplar var. "B" komandalarında oynayan uşaqlar aylıq ödənişlər edir. Toplasaq elə də böyük məbləğ eləmir. Amma Sumqayıt zəhmətkeşlər şəhəridi, burada insanların əksəriyyəti elə də varlı deyil. Bu mənada həmin ödənişləri ödəməyə heç də hamının gücü çatmır. Yəni klubun o pula nə dərəcədə ehtiyacı var?
- İlk növbədə onu deyim ki, həmin ödənişlər qətiyyən gəlir götürmək məqsədi ilə qəbul olunmur. Özünüz də dediniz, elə böyük məbləğ yoxdur. Daha çox skaut məqsədli bir işdi. Ödənişlərdən toplanan vəsaitlər də demək olar uşaqların özünə xərclənir. Tamam, başa düşürəm, insanların imkanı, maddi durum, onsuz da bizdə şəhid ailələri, qazilər, imkansız şəxslərə güzəştlər var. Bunu tam ləğv etmək. mən də bunu çox istərdim ki, deyək Almaniyada olduğu kimi, burda da bütün qruplar pulsuz olsun. Məsələn, "Verder"də tək U-13 yaş qrupunun az qala 10 komandası var, hamısı da pulsuz, hamısına da pulsuz geyim dəstləri verilir. Amma bizim o cür maddi imkanımız yoxdur. Söhbətimizin əvvəlində akademiyamızda çalışan işçi sayını dedim. İnanın ki, akademiyaya ayrılan büdcənin demək olar ki, yarısı maaşlara gedir. Yerdə qalan hissə ilə həm səfərlər təşkil olunur, həm geyim dəstləri. formalar alınır, həm toplara, inventarlara vəsait xərclənir. Büdcəmizdə bir az artım olsun, pullu qrupları da ləğv edək.
- Məncə, futbolla bağlı bu qədər yetər. Bir qədər də futboldan kənar söhbət edək. Hakan Sünal özünü Azərbaycanda necə hiss edir, buradakı həyat tərzi, gündəlik qrafiki necədir, günü necə başlayır, necə bitir?
- Məni bura "Sumqayıt"ın prezidenti Riad Rəfiyev dəvət etdi. Onunla Almaniyada olanda tanış olmuşduq, dostluğumuz yaranmışdı. Mənə onun tərəfindən təklif gələndə təbii ki, ilk olaraq internet üzərindən Sumqayıt haqqında axtarış verib məlumat toplamağa başladım və qarrşıma çıxan ilk məlumatdan şoka düşdüm. Məlumatda Sumqayıtın havasına görə dünyada 3-cü ən çirkli şəhəri olması yazılmışdı və dərhal Riad Rəfiyevi aradım ki, bu nə məsələdi, oxuduğum doğru xəbərdi? Düzdür, həmin məlumat 2007-ci ilin məlumatı idi, amma yenə də qorxdum. Rəfiyev isə bildirdi ki, narahat olma, o dövr çoxdan geridə qalıb, həmin zavodlar çoxdan fəaliyyət göstərmir. Ondan sonra 2019-cu ilin fevralında ailəmlə bura gəldik, ilk olaraq Bakıda olduq, orda dostum qalırdı, Bakı ilə bağlı heç bir problem yox idi, Avropa səviyyəli şəhər idi, xanımım ilk dəfə olmasına baxmayaraq, çox bəyəndi. Daha sonra Sumqayıta gəldik və sizə deyim ki, Sumqayıtın ən çox bəyəndiyim tərəfi bulvardı. Ardınca stadionu gəzdirdilər mənə, şəraitlə tanış oldum və daha sonra dənizi gördüm və sanki gələcəyə işığı gördüm. Çünki dənizi çox sevirəm. Bundan sonra müqavilə imzaladıq və işə başladım. Düzdür, ailəm hazırda Almaniyada yaşayır, onlardan ayrı düşmüşəm, amma bu mənim problemimdir, bir müsbət cəhəti budur ki, bütün fikirimi tamamilə işimə yönəltmişəm. Günüm necə keçir? Səhər 11:00-da akademiyaya gəlirəm, axşam 20:00-a kimi burada oluram. 24 saat iş başındayam. Çünki işimi sevirəm. Və təbii ki, bura elə-belə gəlməmişəm, hədəflərim var. Bilirsiniz mən bu yerə hardan gəlmişəm, necə gəlmişəm? Mən 1999-ci ildə Franfurta torpa bir sahədə məşqçiliyə başlayanda 19 yaşım var idi. 11-12 yaşlı uşaqlara məşq keçməklə bu işə başlamışam.
- Peşəkar futbol oynamamısınız?
- 19 yaşına qədər yüksək səviyyədə futbol oynamışam. Lakin həmin yaşda seçim etməli oldum. Açığı, anam futbol oynamağımı istəmədi. Açıq şəkildə dedi ki, mən sənin üzərində bu qədər əziyyət çəkmişəm, bu qədər pul xərcləmişəm, ona görə oxumalısan. Özü oxumadığı üçün mənim oxumağımı istəyirdi. Məhz bu üzdən 19 yaşından sonra peşəkar futbolu buraxdım. Amma futbola həvəsim böyük olduğundan məşqçi kimi özümü sınamağa qərar verdim. İlk vaxtlar çətinliklər oldu, əziyyətə qatlaşdım, bilik-bacarığımı artırdım, ən gənc yaşda kateqoriya aldım. Daha sonra "Ayntraxt"da işə qəbul olundum və uzun müddət orada çalışdım. Paralel olaraq universitetdə idman menecerliyini də oxudum. Son olaraq Pro almağım qalırdı, onu da almaq burada qismət oldu.
- Yeri gəlmişkən, bura ilk gəlişinizdə belə məlumatlar dolaşdı ki, Hakan Sünal Riad Rəfiyevlə dostluğundan istifadə edib bura Pro almağa gəlib, alan kimi çıxıb gedəcək...
- Baxın, mən buraya gələnə gəlməmişdən qabaq Almaniyada heç də pis qazanmırdım. Üstəlik, gəlməmişdən qabaq burada çalışmış Nikolay Adam, Bernhard Lippertlə də söhbətim oldu, mənə dedilər ki, Azərbaycanda bəlli bir məbləğə qədər qazana biləcəksən, amma ona görə də getməyinə dəyməz. Mənim isə ö hədəflərim var idi. Almaniyada onsuz da məşqçi kimi işləyirdim, həm də koordinator idim. Amma akademiya direktoru kimi praktikam yox idi. Azərbaycanda isə bu şans mənə verilirdi və bundan yararlanmaq istəyirdim. Məşqçi bir yerə qədər işləyə bilərsən. Yaş artıqca səndən daha gənc, səndən daha güclü məşqçilər gələ bilər. O an futboldan kənarda qalmamağın üçün məşqçilikdən başqa bacarığın da olmalıdır. Lap elə akademiya direktorluğunu götürək. Məsuliyyətli işdi, 52 məşqçiyə, 380 futbolçuya rəhbərlik edirsən. Qoy, CV-də bu da düşsün. Təbii ki, əgər burada Pro almaq kimi bir şansım varsa, ondan da istifadı etməyim pis olmazdı. UEFA-nın qaydası var ki, imtahan verdiyin ölkədə o ölkənin dilini bilməlisən. Bu mənada bəxtum gətirdi ki, dillə bağlı problemim olmadı və Pro-nu aldım.
Anar XANLAROV