Azərbaycan Premyer Liqasınada qış fasiləsi davam edir.

Amma qış transfer bazarında klublarımız o qədər də aktiv deyil. Amma rəsmi olmasa da bəzi futbolçuların adı klublarımızla hallanır.

Onlardan biri də karyerasını İngiltərədə davam etdirən Sərhat Taşdəmirlə bağlıdır. İngiltərənin I liqasında çıxış edən “Piterboro”nun şərəfini qoruyan 20 yaşlı hücumçu ilə "Sumqayıt"ın maraqlandığı iddialar arasındadır.

Rekord.az xəbər verir ki, sportinfo.az-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bu iddanı əsassız sayıb:

"Səhv etmirəmsə, bu haqda Almaniya mətbuatı yazmışdı. Hazırda onunla bağlı heç bir danışıq getmir. Elə bir futbolçu "Sumqayıt"ın gündəmində deyil".

Klub sözçüsü ümumiyyətlə, transferlərlə bağlı qeyri-müəyyənlik olduğunu bildirib: "Yeni transferlərlə bağlı xəbər yoxdur. Necə olacaq, nə olacaq bilinmir. Ayın əvvəli yəqin ki, bilinər"

Qeyd edək ki, İngiltərənin “Fayld” klubunun yetirməsi olan Sərhat Taşdəmir ötən ilin yayında bu komandanı “Piterboro”ya dəyişib. Ötən il Azərbaycanın U-19 yığmasının heyətində 3 matçda iştirak edən Sərhat hücumun mərkəzi ilə yanaşı, cinahlarında, eyni zamanda pleymeyker mövqeyində çıxış edə bilir.