Premyer Liqada 3-cü pillədə qərarlaşan və Azərbaycan kubokunda finala vəsiqə qazanan “Sumqayıt” avrokubokların hazırlığına indidən başlayıb.

Rekord.az apasport.az-a istinadla xəbər verir ki, baş məşqçi Ayxan Abbasovla yeni müqavilə bağlamağa hazırlaşan “gənclik şəhəri” təmsilçisi heyətin gücləndirilməsi üçün də hərəkətə gəlib.

Klub rəhbərliyi transfer hədəfindəki iki oyunçunu artıq müəyyənləşdirib. Əldə etdiyimiz informasiyaya əsasən, “Sumqayıt” İsveçrə çempionatında çıxış edən Lixtenşteyn klubu “Vaduts”un oyunçularını yay fasiləsində Azərbaycana gətirə bilər. Bunlar hücumçu Tunahan Çiçək və sağ vinger Fərhat Sağlamdır. Türkiyə əsilli oyunçuların çıxışı Premyer Liqa təmsilçisinin diqqətini çəkir. Baş məşqçi də razılıq verərsə, Tunahan və Fərhatın keçidi üçün rəsmi danışıqlara start veriləcək.

Hətta 20 yaşı oktyabrda tamam olacaq Fərhat Sağlamın milliləşdirilməsi də gündəmdədir. “Vaduts”un yetirməsinin keçidi baş tutarsa, o, gənclərdən ibarət Azərbaycan yığmasına da çağırılacaq. O, Lixtenşteynin U-17 və U-19 millisinin heyətində çıxış edib.

“Sent-Qallen”in yetirməsi olan 29 yaşlı Tunahan Çiçək isə “Vaduts”a 2019-cu ilin yayında “Ksamaks”dan keçib. Tunahan eyni zamanda pleymeyker və sol cinah yarımmüdafiəçisi funksiyasını da icra edə bilir.