“Sumqayıt” cari mövsüm avrokuboklara vəsiqə şansı yüksək olan klublardandır. Belə ki, hazırda 4-cü pillədə qərarlaşan komanda kubokda da yoluna davam edir. Bizi maraqlandıran məqam isə, komanda avrokuboklara çıxacağı halda ev oyunlarını harada keçirəcəyidir. Məlum olduğu kimi, Mehdi Hüseynzadə adına stadionda işlər yekunlaşmaq üzrədir və rəsmi açıqlamaya görə, arena may ayına kimi istifadəyə veriləcək. Azərbaycan Premyer Liqası isə mayın 22-də yekunlaşır. Yəni avrokuboklarda oynayacaq klubların adı mayın 22-də rəsmləşəcək. Bu mənada “Sumqayıt”ın avrokuboklardakı iştirakı mayın  22-də rəsmləşsə, komandanın avrokuboklarda ev oyunlarını Mehdi Hüseynzadə adına stadionda keçirmək şansı yaranır. Təbii ki, burda başqa prosedurlar, stadionun UEFA tərəfindən qəbul olunması məsələsi də var. Hər halda, məsələyə “Sumqayıt”ın da mövqeyini öyrənməyi lazım bildik.

 

Rekord.az-a açıqlama verən klubun mətbuat katibi Rəşad Məmmədov bunları dedi: “Elə mövzuya toxundunuz ki, hamımızın ürəyindən xəbər verən mövzudur. Hamımızın arzusudur ki, avrokuboklarda ev oyunumuzu yeni stadionumuzda keçirək. Amma bunun reallaşması üçün bəzi vacib məqamlar var. İlk növbədə təbii ki, komanda avrokuboklara vəsiqə qazanmalıdır. Bəli, şansımız var, amma nəzərə alaq ki, hələ mövsümün sonuna çox var, o mənada indidən avrokubok haqda danışmaq tez olar. İkincisi, biz avrokuboklara vəsiqə qazansaq belə, ev oyunlarımızı keçirmək istədiyimiz stadion UEFA tərəfindən qəbul edilməli və ulduz almalıdır. Çünki UEFA-nın ulduz vermədiyi stadion avrokubok oyunlarını qəbul edə bilməz. Təki Mehdi Hüseynzadə adına stadionun may ayına qədər açılışı olsun, təki “Sumqayıt” avrokuboklara vəsiqə qazansın, biz əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, ev oyunlarımızı yeni stadionda keçirək. Amma bir daha deyirəm, bugünkü gün üçün bu haqda danışmaq tezdir”.