Sumqayıt stadionu ilə bağlı müəmma davam edir: direktor var, amma...
- 09 Okt 2024 13:00
- 340
"Mehdi Hüseynzadə" adına Sumqayıt şəhər stadionu ətrafındakı qalmaqal və müəmmalar bitmək bilmir.
Rekord.az xəbər verir ki, arenanın qaza olan 100 minlik borcu hələ də ödənməmiş olaraq qalır.
Bundan başqa, stadion özü də hazırda havadan asılı vəziyyətdədir və heç bir qurumun balansında deyil. Son günlər sabiq boksçu Şahin İmranovun Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən arenaya direktor təyin edilməsi haqda məlumatlar da yayılıb.
Qeyd edək ki, bu məlumat rəsmi məlumat deyil. Bəli, sabiq direktor Nadir Məmmədovun gedişindən sonra Şahin İmranov onun vəzifəsini icra edir. Özü də artıq bir aydır. Lakin İmranovun təyinatı rəsmləşməyib. Onun gənclər və idman nazirliyi tərəfindən stadiona direktor təyin olunması xəbəri də həqiqəti əks etdirmir. Məsələyə həm hüquqi, həm də məntiqi tərəfdən baxsaq, burada böyük ziddiyyət var. Nazirlik balansında olmayan stadiona kimisə rəsmi şəkildə direktor təyin edə bilməz. Düzdür, təmirdən əvvəl stadion nazirliyin balansında olub. Lakin bu qurum uzun müddət yararsız vəziyyətdə olan arenada heç bir təmir-tikinti aparmaq iqtidarında olmayıb. Vəziyyət belə olunca, Sumqayıt Şəhər İcra Hakimiyyəti bu işi üzərinə götürüb, dövlət qarşısında məsələ qaldırıb, yeni stadionun inşaası ilə bağlı razılıq və maliyyə dəstəyi almağa nail olub. Bundan sonra bütün söküntü və tikinti işlərini həyata keçirib. Bütün bunları icra hakimiyyəti etdiyi halda, nazirliyin hazıra nazir ortaya çıxıb stadiona sahiblənməsi də mümkünsz bir şey idi. Lakin o məsələ var ki, icra hakimiyyəti özü hazırkı dönəmdə 10 minlik stadionu saxlamaqda maraqlı deyil və onu hansısa quruma verməyə etiraz etmir. Bir şərtlə ki, stadionu balansına keçirəcək qurum onun bütün ehtiyaclarını qarşılayacağına dair zəmanət verməlidir. Hazırda bir neçə variant müzakirə olunur. Stadionun icarə əsasında "Sumqayıt"a verilməsi variantı da var. Bundan başqa, ölkənin ən imkanlı qurumu olan SOCAR-ın balansına keçməsi variantı da həmçinin, müzakirə olunub. Eyni zamanda yenidən gənclər və idman nazirliyinin balansına qaytarılması variantı da hazırda aktual olan variantlar arasındadır. Bu variantlardan hansısa biri reallaşdıqdan sonra Şahin İmranovun da stadiona direktor təyinatı rəsmləşəcək və sabiq boksçu, eləcə də stadionun digər işçiləri həmin qurumda ştata salınaraq əmək haqqlarını oradan almağa başlayacaq. Hazırkı qeyri-müəyyənlik müddətində isə direktor və işçilərin əmək haqqını "Sumqayıt" klubu ödəyir.