Sumqayıt stadionunun tutumu maksimum bu qədər artırıla bilər
- 24 Okt 2023 17:00
- 1627
Ölkə başçısı İlham Əliyev dünən Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadiona baş çəkib və yenidənqurmadan sonra burada yaradılan şəraitlə tanış olub.
Rekord.az xəbər verir ki, məhz ölkə başçısının gəlişindən sonra stadionun tam istifadəyə verildiyini düşünmək olar.
Bundan sonra "Sumqayıt" komandası ev oyunlarını yenilənmiş arenada keçirəcək. Sumqayıtları narahat edən ən böyük məqa təbii ki, arenanın tutumu ilə bağlıdır. Belə ki, 1963-cü ildə tikilmiş köhnə arenanın tutumu 15300 nəfər idi. Hansı ki, həmin illərdə Sumqayıtın əhalisi 100 min civarında idi. Bu gün isə şəhərdə əhali sayı yarım milyonu keçir və Sumqayıt əhali sayına görə ölkənin ikinci şəhəri sayılır. 9500-lük stadion isə bu qədər əhali üçün çox azdır. Üstəlik, nəzərə alaq ki, arena UEFA-nın 4-cü kateqoriyasına-ən yüksək, yaxındır, deməli, burada əsas milli komanda da ev oyunlarını keçirə biləcək. Millinin oyunları üçün isə stadionun tutumu daha böyük problem yarada bilər. Bu məsələ ətrafında da kiçik araşdırma apardıq və öyrəndik ki, gələcəkdə böyük tələbat olsa, hazırkı tutum artırıla bilər. Lakin bu artım maksimum 3 min nəfər civarında ola bilər. Yəni gələcəkdə Mehdi Hüseynzadə adına stadionun azarkeş tutumunu artırmaq lazım gələrsə, hazırkı layihə ilə bu sayı maksimum 12000-12500 nəfərə çatdırmaq mümkün olacaq.