Sumqayıt voleybolunda qalmaqal: köməkçisi rəhbərliklə əlbir olub tanınmış məşqçini işdəm çıxardıb?
- 06 İyl 2024 13:00
- 673
Azərbaycan voleybolunda qalmaqal yaşanıb. Sumqayıt Regional Voleybol Klubunun baş məşqçisi Dilqəm Qəhrəmanov gözlənilmədən postundan ayrılıb. Daha doğrusu, məcburi şəkildə göndərilib. Qeyd edək ki, Sumqayıt Regional Voleybol Klubu şəhərin oğlanlardan və qızlardan ibarət komandasıdır və ölkə çempionatında Sumqayıtı təmsil edir, Dilqəm müəllim isə 16 ildir "gənclər şəhəri"nin uğurları üçün çalışır, kifayət qədər yetirmələri var, çoxsaylı uğurlara imza atıb. Təsadüfi deyil ki, onun rəhbərlik etdiyi həm oğlanlardan, həm də qızlardan ibarət komandalar son ölkə çempionatının bürünc mükafatçısıdır. Belə bir məşqçi niyə işindən kənarlaşdırılıb, səbəb nədir, məsələnin məğzini öyrənmək üçün Dilqəm bəyin özü ilə söhbətləşdik.
Rekord.az-a açıqlama verən təcrübəli məşqçi məsələnin bir sıra pərdəarxası məqamlarını detallı şəkildə diqqətə çatdırıb: "Sumqayıt Regional Voleybol Klubu Azərbaycan Voleybol Federasiyasına tabedi. Mən 2023-cü il sentyabr ayının 18-dən etibarən bu klubda işləməyə başladım. Gözlənilmədən ayrılmağımln səbəbi nədir? Klub rəhbərliyi ilə köməkçi məşqçi birləşib mənə "torba" tikdilər. Azər Kərimovla Mətanət Cəfərova. Maraqlısı budur ki, Mətanət Cəfərova mənim öz tələbəmdi və onu mən özümə köməkçi gətirmişdim. Kreslo eşqi, baş məşqçi olmaq eşqi onu bu addımı atmağa məcbur elədi. Mən burda başqa səbəb görmürəm".
Həmsöhbətimiz bildirib ki, məsələ ilə bağlı Azərbaycan Voleybol Federasiyasından hər hansı reaksiya yoxdur: "Babal yuya bilmərəm, bəlkə də məsələ onlara gedib çatmayıb. Amma cavabları, reaksiyaları mənə də maraqlıdır və gözləyirəm. Çünki az deyil, 16 ildir bu işdə can qoyuram, nə qədər voleybolçu yetişdirmişəm milli komanda üçün. Cavid Əzimov, Emil Haşımov Zamiq Mayılov, Turan Qəhrəmanlı, İsmayıl Məmmədov, Rəvan Qəhrəmanlı, qızlardan Zeynəb, Aliyə, Banu milli komandalara cəlb olunublar. Rəvan B milli komandasına cəlb olunub".
Bəs görəsən klubun təsisçiləri, eləcə də voleybol federasiyası baş verənlərə niyə loyal yanaşır? Dilqəm bəy bu sualımıza belə cavab verdi: “Bunun əsas səbəbi klubun direktoru Azər Kərimovun yuxarı instansiyalara mənim haqqımda doğru olmayan məlumatı ötürməsidir. Yəni haqqımda yalan təqdimat verib. Təbii ki, klubun təsisçisi, prezidenti də direktoru qoyub mənə inanmayacaq”.
Hazırda 2 saylı Sumqayır Gənclər və İdman Məktəbində çalışan həmsöhbətimiz yenə sevimli peşəsi ilə məşğuldu, yeni qruplar təşkil etməklə növbəti mövsümə hazırlaşır. “Yenidən Sumqayıt Regional Kluba qayıdarsınız?” sualına cavabı konkret oldu: “Nə qədər ki, Azər Kərimovla Mətanət Cəfərova o klubdadı, heç vaxt ora qayıtmaram”.
Yeni mövsümdən öz komandası ilə ölkə çempionatına qatılmağı düşünən Qəhrəmanov onu narahat edən əsas məqama da toxundu: “Yeni mövsümə həm oğlanlardan, həm də qızlardan ibarət öz komandamızla qatılacayıq, təbii ki, Sumqayıtı təmsil edəcəyik. Keçmiş komandam da yəqin ki, qatılacaq, rəqib olacayıq. Onların bizə hansısa maneə yaradacağına inanmıram. Çünki çempionatda oynamaqla bağlı icazəni federasiya verir və onlar da güman etmirəm ki, bizə problem yaradıb kənarda saxlayalar. Məni daha çox narahat edən başqa məsələdir. Belə ki, sabiq klubum artıq indidən bizim voleybolçuları dilə tutur ki, onların komandasına getsinlər. Bir neçə gündür bu prosesə başlayıblar, voleybolçularımıza zənglər olunur. Amma sağ olsunlar, yetirmələrim, eləcə də onların valideynləri mənə dəstəkdi”.
Təbii ki, məsələ ilə bağlı Sumqayıt Regional Voleybol Klubunun və Azərbaycan Voleybol Federasiyasının da mövqeyini öyrənməyə cəhd etdik. Klub rəhbəri, Dilqəm bəyin ittihamlarının episentrində olan Azər Kərimov hələ ki, mətbuatdan uzaq gəzir və açıqlama vermək istəmir. Federasiyanın mətbuat katibi Şəfəq Əliyeva isə rəhbərliklə əlaqə saxlayıb onların mövqeyini bizə çatdıracağını bildirdi. Hər halda, Azərbaycan Voleybol Federasiyasının da məsələyə mövqeyi maraqlı olardı. Çünki ömrünü ölkə voleyboluna sərf etmiş bir məşqçiyə qarşı olan bu olaya biganə qalmaq olmaz.
Anar XANLAROV