Sumqayıtda çalışmış məşhur fransız: "Xaqani Məmmədov "zero" işarəsini təhqir kimi qəbul etmişdi MÜSAHİBƏ + FOTOLAR
- 19 May 2020 17:00
- 1524
Sumqayıtlı futbol azarkeşləri "Gənclərbirliyi"ni yaxşı xatırlayır. Bir vaxtlar Azərbaycan çempionatında öz dəsti-xətti ilə diqqət çəkirdi. Mövcud olduğu müddətdə bir sıra məşqçilər bu komandanın başında olub. Lakin onların arasında bir nəfər olub ki, həm məşqçiliyi, həm də insanlığı ilə Sumqayıtda böyük hörmət qazanıb. Söhbət fransalı məşqçi Adel Amruşdan gedir. Hazırda Botsvana milli komandasının baş məşqçisi postunu tutan əlcəzair əsilli məşqçi Rekord.az-a müsahibə verib:
- Cənab Amruş, necəsiniz, işləriniz necə gedir?
- Əvvəla bütün azərbaycanlılara, doğma şəhərim Sumqayıta və sumqayıtlılara öz salamlarımı və sevgilərimi çatdırıram. Mən hazırda Botsvana milli komandasının baş məşqçisiyəm. Eyni zamanda Belçika Futbol Federasiyasında lisenziyalaşdırma üzrə UEFA təlimçisiyəm.
- Koronavirusla necə mübarizə aparırsınız?
- Allaha şükürlər olsun ki, mənim və ailəmin vəziyyəti yaxşıdır və hər şey qaydasındadır. Ailəm Belçikadadır və etiraf edim ki, orada vəziyyət o qədər də yaxşı deyil. Amma Botsvanada bu mənada durum daha yaxşıdır və hökumət ilkin vəziyyətdə vacib addımlar ataraq yayılmanın qarşısını aldı.
- Azərbaycandan kimlərlə əlaqələrininiz var, kimlərlə əlaqə saxlayırsınız?
- Sabiq futbolçularımla əlaqə saxlayıram. Samir Abdulov, Namiq Əliyev, Həbib Ağayev, köməkçim olmuş Arif Abbasov, eləcə də o dövr komandada çalışmış Fərhad Həsənov, Sənan Mirzəyev və komandanın inzibatçısı Qaliblə bu gün də əlaqə saxlayıram.
- Azərbaycan futbolu ilə nə dərəcədə maraqlanırsınız?
- Təbii ki, imkan daxilində Azərbaycan futbolunda baş verən yeniliklərdən xəbər tuturam. Eyni zamanda, mənim dövrümdən bu yana olan inkişafı və yenilikləri də müşahidə edirəm.
- Məşqçi kimi Afrikada Çempionlar Liqasını qazanmısınız. Kifayət qədər nüfuzunuz var. Belə olan halda Sumqayıta gəlişiniz necə baş verdi?
- Tək çempion olmamışam. Eyni zamanda iki dəfə də yarımfinala komanda çıxarmışam. Bununla belə, karyeramın çox hissəsində milli komandalarda işləmişəm: Keniya, Burundi, Liviya, Qvineya. Azərbaycana isə menecer Adnan Dəmirin vasitəsi ilə gəlmişdim.
- Azərbaycan futbolu ilə ilk tanışlığınız təəssüratınız necə oldu?
- İlk təəccübləndiyim şey yüksək liqada yaşlı futbolçuların çoxluğu idi.
- Həmin vaxt "Gənclərbirliyi"nin heyətində İssa Nikiema, Pathe Banqura, Ernest Syankam kimi futbolçular var idi. Amma komanda yaxşı nəticə göstərə bilmədi. Bunun səbəbi nə idi?
- Mən komandanı qışda qəbul etmişdim. Həmin vaxt Banqura komandada deyildi. Ernest isə iki oyun oynadıqdan sonra çıxıb getdi. Yalnız Nikiema və Mousa Traore komandada idi. Biz demək olar ki, gənc və təcrübəsiz futbolçulardan yeni komanda qurduq. Samir Abdulov, Elçin Məmmədov, Orxan Ağayarzadə, Emil Paşayev kimi gənclərə şans verdik. Nəticədə komandanı elitada saxlamağı bacardıq. Düşünürəm ki, işləməyə imkan versəydilər növbəti mövsümdə yaxşı nəticələrimiz də olacaqdı. Çünki işimizi düzgün qurmuşduq. Məhz mənim inanıb şans verdiyim Fərhad Vəliyev, Ruslan Poladov, Elçin Məmmədov kimi futbolçular sonradan əsas və U-21 millilərində forma geyindilər.
- Deyilənə görə, o vaxt bəzi yerli futbolçular bilərəkdən zəif oynamaqla və yaxud zədəni bəhanə edərək oynamamaqla sizin "ayağınızın altını qazırdılar..."
- Yox, bunun özümə qarşı planlaşdırılmış "oyun" olduğunu düşünmürəm. Sadəcə, bəzi futbolçuların texniki, taktiki savadı çox aşağı idi. Hətta mən deyərdim həvəskar futbolçular səviyyəsində. "Gənclərbirliyi"ndə əsas problem transfer işlərinin düzgün aparılmaması və buna cavabdeh insanların buraxdığı səhvlər idi. Sumqayıt istedadlar şəhəridir. Hansı məhləyə getsən, kifayət qədər istedadlı futbolçu tapardın. Bu şəhərə kənardan futbolçu gətirməyə ehtiyac yox idi. Təəssüf ki, bəzən maddiyat futbolun gözəlliyini öldürür.
- "Bakı" ilə 1:1 başa çatan qalmaqallı oyundan sonra görüşün baş hakimi Xaqani Məmmədovla aranızda qalmaqal yaşanmışdı. Ona etirazınızı sərt şəkildə bildirmişdiniz. Daha sonra isə AFFA sizə ağır cəza vermişdi. Həmin olayı necə xatırlayırsınız?
- (gülür) Bu tarixi bir hekayə idi. Xaqani həmin oyunu çox pis idarə etdi və bizə qarşı aşkar qərəz ortaya qoydu. Mən də oyundan sonra ona etirazımı bildirdim və əlimi sıfır formasında eliyib onun idarəçiliyinin "zero" (fransız dilində də "sıfır" deməkdi) olduğunu dedim. O isə mənim işarəmi təhqir kimi başa düşüb bunu protokola yazmışdı. Federasiya da buna görə məni cəzalandırmışdı.
- Azərbaycandan gedənə yaxın demişdiniz ki, mən bura gələndə başımda bir dənə də ağ tük yox idi, amma saçım burda ağardı. Saçınızı ağardan nə olmuşdu?
- Bəli, elə söz demişdim. Amma mənim bu sözümün Azərbaycan xalqına heç bir aidiyyatı yox idi. Mən o sözü sırf futbolda gördüklərimə görə demişdim. Ola bilsin, gərgin olmağım da o açıqlamaya təsir edib. Çünki mən Azərbaycan futboluna yeni model, taktika, fəlsəfə ilə gəlmişdim. Bunu bizim gənc futbolçulara da aşılamağa çalışdım. Amma görəndə elə futbolçular var ki, onlarda döyüş, savaş ruhu yoxdur, o zaman işləmək də çox çətin olur. İstənilən halda, "Gənclərbirliyi"ndə işləmək mənim üçün xoş oldu. Hamısı ilə indi də əlaqə saxlayıram və bilirəm ki, bəziləri məşqçi kimi çalışır, uğurlu nəticələri var.
- Yenidən Azərbaycana qayıtmaq, Sumqayıtda işləmək istərdiniz?
- Bir söz var, heç vaxt "heç vaxt" demə (gülür). Allah şahiddir ki, mən o günləri necə gözəl hisslərlə xatırlayıram. Çox gözəl insanlarla tanış oldum, onları sevdim. Xüsusilə də Sumqayıtda. Tofiq Rzayevin dünyasını dəyişdiyini eşidəndə çox kədərlənmişdim. O vaxt mənimlə çalışan bütün futbolçulara və məşqçilərə öz salamlarımı çatdırıram. Sizin ölkənizə hər şeyin ən yaxşısını arzulayıram. Qubada olmuşdum və çox mükəmməl təbiəti var idi. Azərbaycanda yediyim kababın dadı hələ də damağımdadır. Azərbaycan musiqisini də çox sevirəm. Faiq Ağayev, Elşad Xose, Zülfiyyə Xanbabayevanı çox dinləyirdim. Bu pandemiya dövründə Allahdan sizin ölkəni qorumasını diləyirəm. Eyni zamanda sizlərə təşəkkür edirəm ki, bu gözəl ölkədə gözəl günlər keçirmək şansını mənə verdiniz. Tanrı sizi qorusun, Tanrı Azərbaycanı qorusun!
Anar XANLAROV