Sumqayıtda futbolun təməlini qoyanlar YAZI + FOTOLAR
- 06 Sen 2023 17:00
- 1169
Heç kimə sirr deyil ki, futbolun düzgün yolda inkişafı təməldən asılıdır. Təməl necə qoyuldusa, davamı da o cür gedəcək. Təəssüf ki, Azərbaycanda bu yöndə ciddi problemlər var. Uşaq futbolunda məlum təməl düzgün qoyulmur, uşaqlar kiçik yaşlarından futbolun sirrlərinə yiyələnə bilmirlər. Bunun da nəticəsində növbəti mərhələlərdə peşəkar futbolçu kimi yetişmələrində ciddi maneələr ortaya çıxır. Bu səbəbdəndir ki, Azərbaycan futbolu, millisi heç də yaxşı olmayan durumdadır. Bu gün bir çox mövqeylərdə ciddi yerli futbolçu qıtlığı yaşanır, hətta aşağı yaş qruplarından olan millilərimizə də legioner futbolçular cəlb olunur. Bu yazımızda uşaqların təməl futbolundan bəhs edəcəyik.
"Sumqayıt" Futbol Akademiyası bu yöndə xüsusi seçilən akademiyalardandır. Burada fəaliyyət göstərən "Təməl Qrup" haqda daha öncə də məlumat vermişdik. Ümumiyyətlə, "Sumqayıt" yeganə klubdur ki, buraya 4 yaşından uşaqlar qəbul olunur. "Təməl Qrup"da yer alan uşaqlar 4-8 yaşı əhatə edir. Yazımız da məhz bu qrupun fəaliyyəti, iş prinsipi, futbola faydaları haqqındadır. Məlumat üçün deyək ki, hazırda "Sumqayıt Təməl Qrup"da 4 məşqçi fəaliyyət göstərir: Məhəmməd Alıyev, Orxan Abdullayev, Kamran İsmayılov və Xaqani Müzəffər Həqiqi. Alıyev və Abdullayev əsas, İsmayılovla Həqiqi isə köməkçi məşqçilər sayılır.
Məhəmməd Alıyev 2018-ci ildən "Sumqayıt" Futbol Akademiyası"nda məşqçi kimi çalışır. 2021-ci ildən isə sırf "Təməl Qrup"da işləyir. Onun sözlərinə görə, "Təməl Qrup"da məşqlər həftədə 3 dəfə olur. Qrupa seçimlər isə il ərzində iki dəfə həyata keçirilir: qış və yayda: "Bildiyiniz kimi, belə bir qrup heç bir klubumuzda yoxdur və ilk olaraq, "Sumqayıt" klubunda yaradılıb. Əsas məqsdə lap aşağı yaşlarından uşaqlarda futbola sevgio oyatmaq, onların futbola erkən adaptasiya olmasınl təmin etməkdi".
Alıyev "Təməl qrupa"a seçimlər və qrupun iş metodundan da söhbət açıb: "4 yaşından etibarən qrupumuza uşaqlar qəbul edilir. 8 yaşa kimi bizim qrupda futbolun təməl prinsiplərini öyrədirik. 8 yaşları tamam olan uşaqlar U-9 komandasına ötürülür. Həmin yaş qrupunun məşqçisi isə özü seçimlər aparır. Seçilən uşaqlar A komandaya qəbul olunur. A komandaya düşməyən uşaqlar isə B komandada məşqlərini davam etdirir. Amma "Təməl Qrup"da biz tərəfdən heç bir seçim aparılmır. Yeni uşaqlar qəbul olunur və 8 yaşa qədər hazırlanır. 8 yaşdan sonra isə dediyim kimi, U-9-a təqdim olunur və seçim orada aparılır. Ümumi iş prinsipimizə gəlincə, daha çox üstünlük əyləncəli, koordinasiyalı məşqlərə verilir. Qrupda 4 məşqçi çalışır. Bu günə qədər akademiyaya 40-a yaxın futbolçu vermişik".
Orxan Abdullayev akademiyanın ən "stajlı" məşqçilərindəndir. 33 yaşlı Abdullayev lap gənc yaşlarından uşaqlarla işləməyə başlayıb və bu sahədə 11 illik təcrübəsi var. Özü də söhbətə buradan başladı: "Akademiyada U-9-dan U-19-a kimi, bütün komandalarda işləmişəm. U-9-da baş məşqçi kimi titullarım, çempionluqlarım olub. Hazırda akademiyanın U-13 komandası kimi fəaliyyət göstərən kollektivin də təməlini mən qoymuşam. Bundan başqa, özümün ayrıca təsis etdiyim "Məhəllə uşaqları" komandasında olan istedadlı uşaqları da akademiyaya cəlb etmişəm. Qısası, biliyim, bacarığım imkan verdiyi qədər akademiyanın inkişafına xidmət etmişəm".
Abdullayev daha sonra "Təməl qrup"dakı fəaliyyətinə keçib: "Sırf "Təməl qrup"da isə 2 ildir çalışıram. Həm koordinator, həm də məşqçi kimi. "Təməl qrup" belədir ki, buradakı uşaqlara yanaşma tamam başqadır. Onlarla əylənməli, dost olmalı, futbolu sevdirməlisən. Elə etməlisən ki, uşaqlar səndən çəkinməsin, əksinə, səni dost, qardaş, müəllim kimi qəbul etsin, səni sevsin. Çünki onların elə yaş dövrüdür ki, bir az üstlərinə qışqırsan səndən inciyəcəklər, küsəcəklər. An olur ki, uşaq atası üçün, anası üçün darıxır, məşqin ortasında oturub ağlayır, yaxud, gedib su qabını tapa bilməyəndə ağlayır. O anda ona elə yanaşmalısan ki, uşaq səni öz doğması kimi qəbul etsin. Son olaraq 2015-ci il təvəllüdlü futbolçuları U-9 liqasına təhvil verdik. Hazırda 2016-17-18 və 2019-cu il təvəllüdlü uşaqlarla işləyirik. Onlardan 2016-cı il təvəllüdlü futbolçular da bu ildən U-8 liqasında çıxış edəcək".
Həmsöhbətimiz qrupdakı ailə ortamından da söz açıb: "Düşünürəm ki, çətin də olsa, futbolun inkişafı üçün ciddi işlər görürük. Biz burada bir ailə kimiyik. Məndən başqa, Məhəmməd müəllim də məşqçi kimi çalışır. Xaqani müəllim, Kamran müəllim də köməkçi-məşqçi kimi çox əziyyət çəkirlər. Bizə ən yeni qoşulan Xaqani müəllimdi, hansı ki, özü də əvvəl futbol oynayıb, futbola yad insan deyil və bu gün yeni qoşulmasına baxmayaraq o belə, uşaqlara özünü sevdirə bilib. Düzdür, valideynlərlə bağlı bəzən problemlər olur. Məsələn, elə valideyn var ki, gəlib soruşur ki, mənim uşağımdan yaxşı futbolçu olacaq? Hansı ki, uşağın cəmi 6 yaşı var. Elə valideyn var ki, kənardan müdaxilə edir, yaxud məşqdən sonra uşağa fərqli təlimlər verir, uşaq müəllim deyəni yaddan çıxardır. Buna görə. tez-tez valideyn iclasları da təşkil edirik və valideynlərə bildiririk ki, müdaxilə uşaqların əleyhinədir və onlar uşaqlarını 1 saat ərzində məşqçilərə təhvil verməli, kənardan müdaxilə etməməlidir".
Yekunda "Sumqayıt" Futbol Akademiyasının baş koordinatoru Hakan Sünalın da mövzu ilə bağlı fikirlərini öyrəndik. Hakan bəy aşağı yaşlı uşaqlarla işləməyin Avropa modelindən və onun Azərbaycan futbolundakı tətbiqindən də söz açdı: "Əslində, bu qrup "Təməl qrup" yox, "Mini qrup" gedir. Təməl qrup 8-12 yaş arası qruplara deyilir. "Mini qrup"un əsas məqsədi futbolla ilk təmas və futbolu uşağa sevdirməkdi. Hansısa texnikadan, taktikadan söhbət gedə bilməz. Bu qrupun üstünlüyü nədir? Normalda uşaqlar futbolla 8-10 yaşlarında məşğul olmağa başlayırdı ki, bu da gec sayılır. Amma bizim qrupda 4 yaşından futbolun sirrlərini öyrənməyə başlayan uşaq 10 yaşına çatanda onlardan qurulan U-10 komandası digər U-10-lardan daha fərqli olur. Belə deyək, Əlifbanın A-dan başlayırıq öyrətməyə. Təbii ki, əyləncə xarakterli məşqlər daha çox olur. Gələcəkdə bunun festival formasında olması yönündə də layihələrimiz var. Məşqlər burada çalışan məşqçilər tərəfindən xüsusi hazırlanmış məşq proqramları əsasında aparılır. Azərbaycanda futbolun daha da çox inkişaf etməsini istəyiriksə, uşaqlar daha erkən yaşdan futbolla məşğul olmağa başlamalıdır".
Həmsöhbətimiz analoji metodun Avropada tətbiqi və bunun Azərbaydanda tətbiqi yönündə də fikirlərini bölüşdü: "Avropa ilə müqayisəyə gəlincə, məsələn, Almaniyada bir az fərqlidir. Orada konkret hansısa proqram yoxdur. Sadəcə, uşaqlar toplanır, əylənir, futbol oynayır. Ümumiyyətlə, Avropada bu yöndə bir sıra layihələri Azərbaycanda da tətbiq etmək yaxşı olardı. Bizdə U-8-dən etibarən liqalar başlayır. Amma bunu U-6, hətta deyərim U-4-ə qədər salsaq, çox yaxşı olar. Uşaqlar 2-2-ə, 3-3-ə, 4-4-ə formaslnda futbol oynamaqla futbolun incəliklərini öyrənməyə başlaya bilər. Təbii, bu uşaqların hamısı gələcəkdə futbolçu olmayacaq. Amma ilk növbədə onlara "Sumqayıt"ı, klubun atributlarını, loqosunu sevdirəcəyik, onların timsalında gələcəkdə azarkeş ordusu qazanacayıq. Düzdür, bu yaşda uşaqlarla işləmək çətindir, onlarla işləmək böyük səbr tələb edir. Bu mənada mən öz məşqçilərimizin işini yüksək qiymətləndirirəm. Məhəmməd müəllim, Orxan müəllim, Kamran müəllim, Xaqani müəllim işlərinin öhdəsindən ən yüksək səviyyədə gəlirlər və buradan onları da təbrik etmək lazımdır. Demək ki, biz Azərbaycan futboluna həm də bu cür məşqçilər qazandırmışıq".
Anar XANLAROV